S-300 sistemlərinin itirilməsi ilə İranın bir çox mühüm obyektləri raket hücumuna qarşı müdafiəsiz qalıb
Ötən şənbə İrandakı hərbi obyektlərə hava zərbələri zamanı İsrail İranda olan 3 Rusiya S-300 zenit-raket kompleksini məhv edib. AYNA xəbər verir ki, bu barədə Amerika və İsrail rəsmilərinə istinadən “Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın hava hücumundan müdafiə sisteminin əsas komponenti olan bu sistemlər 100 İsrail döyüş təyyarəsinin iştirak etdiyi hava hücumu zamanı İrandakı hədəflərə atılan yüzlərlə raketdən ən yaxşı halda bir neçəsini zərərsizləşdirə bilib. Bu hücum zamanı Rusiyanın İrana verdiyi dörd S-300 sistemindən üçü məhv edilib. Dördüncü kompleks daha əvvəl məhv edilmişdi.
Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, S-300 komplekslərindən biri Tehran hava limanının yaxınlığında, digər ikisi isə enerji infrastrukturu obyektlərini - neft limanını, neft emalı zavodunu və təbii qaz yatağını qoruyurmuş.
İranla xidmətdə olan S-300 hava hücumundan müdafiə sistemi bu kompleksin ötən əsrin 90-cı illərinin sonlarında modernləşdirilmiş, 70-ci illərin sonunda SSRİ ordusunda xidmətə cəlb edilmiş versiyasıdır.
Analitiklərin fikrincə, S-300 sistemlərinin itirilməsi ilə İranın bir çox mühüm obyektləri raket hücumuna qarşı müdafiəsiz qalıb. Onun Rusiyadan daha müasir S-400 hava hücumundan müdafiə sistemləri almaq imkanı yoxdur, çünki Rusiya Ukraynada döyüş əməliyyatları aparmaq üçün bütün mövcud ehtiyatlardan istifadə edir.
“Wall Street Journal” vurğulayır ki, bu epizod Ukraynadakı döyüşlər zamanı Ukrayna ordusu tərəfindən bir neçə Rusiya S-300 sisteminin məhv edilməsi və Ukraynanın daha müasir Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə uğurlu zərbələr endirməsi ilə birləşərək, Rusiya müdafiə sənayesinin nüfuzuna ciddi ziyan vurur. Nəşr Rusiya hərbi-sənaye kompleksinin ənənəvi müştərilərinin Cənubi Koreya, İsrail, Amerika və Çin silah istehsalçılarına fayda verə biləcək alternativ silah tədarükçüləri axtarmağa başlayacağını söyləyən analitiklərə istinad edir.