"İsanın qadını" yenidən çap olunub

Mədəniyyət

10.03.2020 - 12:44

Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb

 

Yazıçı Səxavət Sahilin müəllifi olduğu "İsanın qadını” romanı ikinci dəfə çap edilib. AYNA xəbər verir ki, kitab birinci nəşrinin tükəndiyi və oxucu marağına görə yenidən işıq üzü görüb.

 

“İsanın qadını” romanının qəhrəmanı  əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur.   

 

Geciksə də, "Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir.

 

Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. "İsanın qadını” ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın "ikinci nəfəsi” açılır.

 

Qeyd edək ki, “Avanqard Yayınları”nda nəşr edilən kitab birinci dəfə 2014-cü ildə çap olunmuşdu.

Müəllif: Ayna.az