İrəvan son şansını da itirə bilər: ya yolu açırsınız, ya da...

İqtisadiyyat

12.10.2023 - 10:16

Yeməyənin payını yeyərlər - “Bu Ermənistan üçün son imkandır”

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər: “Vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir. Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vasitəçilik etmədən qiymət verəcək. Əks halda, alternativ dəhlizin İran sərhədlərindən keçməsi olacaq”.

Nazir deyib ki, dəhlizin bəzi hissələri istisna olmaqla, Zəngəzur marşrutu artıq böyük miqyasda hazırdır: “Bakıdan Xankəndi şəhərinə gedən marşrut var. Bundan sonra Türkiyə şirkətinin Ermənistanla sərhədə qədər apardığı işlər gəlir. Naxçıvanda 110 km-ə yaxın marşrut var və orada yolların bir az salınmasına ehtiyac var. Bundan sonra marşrut Qarsa gedəcək. Türkiyə ərazisində 224 km yol olacaq. Bir ay ərzində Türkiyə marşrutun bir hissəsinin öz ərazisində tikintisi üçün tender keçirəcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıdan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində Zəngəzur yolununun İrandan keçəcəyinə dair açıqlama verib. Bildirib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, bu addım atılacaq: “Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq”.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, işğalçılıq siyasəti Ermənistanı məhvə sürükləyir: “Məlumdur ki, Zəngəzur yolu ərazisindən keçən ölkələr üçün tranzit gəlir imkanı deməkdir. Elə bu səbəbdən də İran bu yolun onun ərazisindən keçməsində maraqlıdır. Ermənistan sosial-iqtisadi problemlər məngənəsində yaşayan bir ölkədir. Daxildə iqtisadi vəziyyət acınacaqlı olduğuna görə əhali mühacirətə üz tutur. Bu baxımdan Ermənistan üçün unikal imkan yaranıb ki, bu yolun açılmasına razılıq versin. Həm bundan tranzit ölkə olaraq gəlir əldə etsin, həm də regional iqtisadi layihələrdə iştirak imkanı qazansın”.

“Məhz işğalçılıq siyasəti ucbatından Ermənistan əksər regional iqtisadi layihələrdən kənarda qalıb. Bu siyasət olmasaydı, bəlkə də, neft-qaz kəmərləri onların ərazisindən keçə və Ermənistan üçün gəlir mənbəyinə çevrilərdi”, - deyə deputat vurğulayıb.

Müsahibimiz Ermənistanı keçmişə yox, gələcəyə baxmağa çağırıb: “Ən dəhşətlisi odur ki, bu ölkə heç zaman iqtisadi layihələri qiymətləndirməyib. Müxtəlif dövlətlər arasında manevr edib. Bu siyasət də onu məhvə sürükləyib. Uzun illər Rusiyaya forpostluq ediblər. Rusiya zəifləyən kimi dərhal ondan uzaqlaşmağa başladılar. İndi də Fransanı seçiblər. Afrikada məğlub olan Fransa da bunu tarixi imkan kimi səciyyələndirir. Ermənistanın vasitəsilə regionda nəzarət imkanları əldə etməyə və Afrikada itirdiyi mövqelərini bərpa etməyə çalışır”.

“Ermənistanın siyasi dairələri unudur ki, Qarabağ münaqişəsi artıq başa çatıb. Prezident İlham Əliyevin fərmaları ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaardılıb. Lokal antiterror əməliyyatları da göstərdi ki, Ermənistan müqavimət göstərmək gücündə deyil. Artıq işğalçılıq siyasəti keçmir. Bunu nəzərə almaq, sülh sazişi imzalamaq və Zəngəzur dəhlizinin açılmasına razılıq vermək əvəzinə, ənənəvi siyasi oyunlarını davam etdirirlər. Bu siyasət nəticəsində yenə də zərbə onların özlərinə dəyəcək və Ermənistan daha bir gəlir imkanını itirmiş olacaq”, - deyə Mollazadə diqqətə çatdırıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı da AYNA-ya şərhində deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün vacibdir: “Hesab edirəm ki, bu cür bəyanatlar Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkilməyə təşviq edəcək. Çünki Ermənistanda belə təsəvvürlər mövcuddur ki, bu yolun işə düşməsi ilə Böyük Turan qurulacaq. Əslində isə bu, belə deyil. Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın özü üçün də həyati əhəmiyyət kəsb edir. Çünki bu yolla Ermənistan həm Rusiya, həm Türkiyə, həm də Mərkəzi Asiya ölkələri ilə nəqliyyat qovşağına malik olacaq”.

“Əlbəttə, İran istəyər ki, bu yol onun ərazisindən keçsin. Çünki tranzit ölkə olaraq gəlir imkanı əldə edəcək. Regional əhəmiyyətli layihədə yer almaqla bərabər, özü üçün təhlükəsizlik təminatı da əldə edəcək”, - deyə siyasətçi sözlərinə davam edib.

Hacılı hesab edir ki, İran mövzusu gündəmə gələndən sonra Ermənistanın mövqeyində yumşalmalar olacaq: “İran tərəfi dəhlizin onun ərazisindən keçməsinə müsbət yanaşır. Bu, Ermənistana ciddi mesajdır. Yəni, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, alternativ olaraq yol İrandan keçəcək. Düşünürəm ki, Türkiyə Prezidenti və rəsmilərinin son açıqlamalarından sonra Ermənistan dəhlizin açılması istiqamətində fəallıq göstərəcək. Mövqeyində yumşalmalar olacaq”.

Müəllif: Azər Niftiyev