İranın Azərbaycan və Türkiyə sancısı dinmir - Təhlükəli, amma “dişsiz”

Siyasət

15.08.2022 - 14:25

Ərəstun Oruclu: “İran hələ getsin özünü qorusun, sonra başqa dövlətlərin işinə müdaxilə edər”

Asif Nərimanlı: “Rəisi Zəngəzur dəhlizinin açılmasına qarşı Xameneyinin saxta “min illik yol” iddiasına əsaslanan separat mövqe sərgilədi”

Ötən həftə İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Müzakirə zamanı İran Prezidenti deyib ki, Tehran Cənubi Qafqazda geosiyasi dəyişikliyin əleyhinədir: “İran Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək. Tehran bölgədə sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır”. 

Rəisi 2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanata istinad edib. Onun sözlərinə görə, atəşkəs razılaşmasına əməl etmək, qalan məsələləri dialoq və diplomatik yollarla həll etmək Qafqaz regionunda təhlükəsizliyin və əmin-amanlığın bərpasının ən yaxşı yoludur.

Rəisinin bu mövqeyinə oxşar mövqe bir müddət öncə İranın Ali Dini Rəhbəri Seyid Əli Xameneyi tərəfindən də səsləndirilmişdi. Mütəxəssislər bildirirlər ki, Tehran rəsmiləri tərəfindən verilən bu bəyanatlar İranın məkrli siyasətinin tərkib hissəsidir. Analitiklərin qənaətincə, rəsmi Tehran bununla Zəngəzur dəhlizinə razı olmadığını, Azərbaycanın və Türkiyənin bölgədə artan nüfuzundan qorxduğunu nümayiş etdirir. 

Mövzu ilə bağlı fikirlərini AYNA ilə bölüşən "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, İran Prezidentinin "Tehran Qafqazda geosiyasi dəyişikliyə imkan verməyəcəyik" bəyanatı olduqca iddialı bəyanatdır.

"Bu, İranın dişinə gələ biləcək bəyanat deyil. Cənubi Qafqaz bu gün qlobal siyasətin üç mühüm nöqtəsindən biridir. Bunlardan biri Qara dəniz bölgəsidir ki, buna Ukrayna başda olmaqla, şərti olaraq "Qərb cəbhəsi" deyə bilərik. İkinci nöqtə Şərqdir. Buraya Mərkəzi Asiya, Çin, Sakit okean hövzəsinə qədər uzanan ərazilər daxildir.  Digər mühüm nöqtə isə Cənubi Qafqazdır. Bu isə o deməkdir ki, Avrasiya geosiyasi zolağında böyük oyunçular oynayır. İran isə bu zolaqda geosiyasi oyunçu deyil", - deyə analitik bildirib. 

Həmsöhbətimizin sözlərinə görə, Tehranın bu gün özünün ciddi problemləri mövcuddur: "İran nəyinsə qarşısını ala biləcək ölkə deyil. Onun Qəzzadakı proksilərindən biri olan “İslami-Cihad” təşkilatını İsrail üç günün içərisində darmadağın etdi, qrupun bütün liderləri məhv edildi. İran belə güclüdürsə, elə bunun qarşısını alardı. Yaxud da, həmin İsrail Rusiyanın susqun razılığı ilə İranın Suriyada qurduğu infrastrukturu mütəmadi olaraq "şumlayır". Hətta İranın özünün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hərbçilərini də qətlə yetirir, orada tikdiyi zavodları darmadağın edir. İran bunun qarşısını ala bilirmi? Əlbəttə, xeyir". 

"Məsələ burasındadır ki, İran bölgədə özünə ən ciddi rəqib kimi Türkiyəni görür. Rəisi demək istəyir ki, Türkiyə-Azərbaycan əlaqələrinin birbaşa təmini məqsədilə nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəklər. Bunu İran, Rusiya və Türkiyə liderlərinin Tehrandakı üçtərəfli görüşü zamanı artıq Xameneyi səsləndirmişdi. Hesab edirəm ki, İran Prezidenti indi Xameneyinin dediklərini təkrarlayır. Bacarırsa, imkan verməsin. İran hələ getsin özünü qorusun, sonra başqa dövlətlərin işinə müdaxilə edər", - deyə Mərkəz rəhbəri vurğulayıb. 

Bununla yanaşı, politoloq hesab edir ki, İrandan verilən bütün bəyanatları ciddi qəbul etmək lazımdır: "Ona görə yox ki, İranın Cənubi Qafqazda söz sahibinə çevrilmək gücü var, yaxud regionda nəyin necə olacağını İran müəyyənləşdirə bilər. Ona gör ki, İran Azərbaycanda ən müxtəlif təxribatları törədə bilər. Bu mənada, İran Rusiyadan daha təhlükəli ölkədir. Onun istər Yəməndə, istər Bəhreyndə, istərsə də Səudiyyə Ərəbistanında, Suriyada, Livanda, İraqda törətdiyi əməllərə baxmaq kifayət edir ki, bu dövlət nələr edə bilər. Bunların hamısı bizim üçün dərs olmalıdır". 

"Düşünürəm ki, İrana yeri göstərilməlidir. Bunun da yolu İranın Azərbaycanın daxilinə təsir imkanlarını məhdudlaşdırmaqdan keçir. Bunu necə etmək olar, artıq dövlətin işidir. İranın Cənubi Qafqazda geosiyasi konfiqurasiyanın dəyişməsinə imkan veməməsi ilə bağlı iddialı bəyanatına gəlincə, İran o dövlət deyil ki, geosiyasətdə nəyisə həll edə bilsin. İran ən yaxşı halda bu vəziyyətdə özünü qoruya bilər. Təbii ki, əgər onu bacaracaqsa", - deyə Oruclu fikrini tamamlayıb. 

Siyasi icmalçı Asif Nərimanlı isə AYNA-ya şərhində söyləyib ki, Rəisi ilə Paşinyan arasındakı telefon söhbəti, İran Prezidentinin bəyanatı təkcə Ermənistanı “qırmızı xətti” elan edən Tehranın İrəvana “qardaşlıq zəngi” yox, həm də son proseslər, xüsusilə Rusiyanın Mehri-Əkərək yolunda yeni postlar qurması fonunda diqqət çəkir. Onun sözlərinə görə, İrəvan və Moskvanın rəsmi açıqlamalarında postların iki ölkə arasındakı müqaviləyə əsasən atıldığı deyilir.

"Rusiya tərəfi isə əlavə edir ki, “son dövrlər İrandan Ermənistana narkotik və digər qanunsuz daşıma cəhdlərinin artmasına” görə bu qərar verilib. Hətta “silah, qumbaratan və külli miqdarda döyüş sursatının aşkarlanması” faktından da bəhs edirlər. Əsaslandırmaq şübhəlidir, hadisələrin inkişafı da bu şübhələri artırır", - deyə müsahibimiz bildirib.

"Tehranda keçirilən Ərdoğan-Putin-Rəisi zirvəsində Yaxın Şərq əsas mövzu olsa da, üçtərəfli əməkdaşlığın Cənubi Qafqaz bölgəsində də davam etdirilməsi, xüsusilə 3+3 formatının inkişafı ilə bağlı məsələlər həll edilməli idi. Lakin İran Suriya məsələsində olduğu kimi, Zəngəzur dəhlizinin açılmasına qarşı da Xameneyinin saxta “min illik yol” iddiasına əsaslanan separat mövqe sərgilədi. Rəisinin Paşinyanla danışığı zamanı səsləndirdiyi fikirlər də Ali Dini Rəhbərin bəyanatının təkrarıdır", - deyə Nərimanlı qeyd edib.

Analitik xatırladıb ki, Ərdoğan Tehrandan sonra Soçiyə - Putinlə görüşə getdi: "Tərəflərin razılaşmaları Moskva və Ankaranın Tehransız hərəkət planının olması ehtimalını önə çıxardı. Bu iki görüşdən sonra Rusiya Mehri-Əkərək istiqamətində - Zəngəzur dəhlizinin keçəcəyi ərazidə əlavə postlar qurmağa başladı. Moskvanın bu addımı iki hədəfə hesablanıb: birincisi, Zəngəzur dəhlizinə qarşı çıxan Tehrana razılaşmanı pozmağa imkan verməyəcəyini göstərir. Rus sərhədçilərin “İrandan gələn təhlükələrə” görə postlar qurması da bu mesajın verilməsinə hesablanıb. İkincisi, sərhədçilərini dəhlizin keçəcəyi istiqamətdə yerləşdirməklə nəzarəti gücləndirir”.

“10 noyabr razılaşmasının 9-cu bəndinə görə, Ermənistan Azərbaycandan Naxçıvana maneəsiz keçid verməli, həmin yolun təhlükəsizliyini Rusiya hərbçiləri təmin etməlidir. İstisna deyil ki, Rusiya Zəngəzur dəhlizinin razılaşmaya uyğun açılmasının logistikasını formalaşdırır. Hesab edirəm ki, Paşinyana Xameneyinin Ərdoğana dediklərini xatırladan Rəisi də baş verənləri anlamaq, həm də separat mövqeyini gücləndirmək istəyir", - deyə təhlilçi fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu