Gəmi avqustun 29-da İranın Əmirabad limanından Xəzər dənizinə yola düşüb
Britaniyanın “Sky News” media şirkəti, Ukrayna mənbələrinin məlumatına əsasən, İrandan Rusiyaya silah daşıyan Rusiyanın “Port Olya-3” yük gəmisinin peyk görüntülərini dərc edib.
AYNA xəbər verir ki, Rusiya bayrağı altında üzən gəmi avqustun 29-da İranın Əmirabad limanından Xəzər dənizinə yola düşüb. Sentyabrın 4-də o, təyin olunduğu Həştərxan vilayətində Rusiyanın Olya limanına gəlib. Onun yükü qatara yüklənib.
“Sky News”un istinad etdiyi Ukrayna mənbələri gəminin “Fateh-360” sisteminin 225 qısa mənzilli ballistik raketini daşıya biləcəyini və boşaldılandan sonra onların Həştərxan vilayətindəki Aşuluk hərbi poliqonuna göndərilə biləcəyini güman edirlər.
Gəmiçilik izləmə sistemlərinə görə, “Port Olya-3” Rusiya və İran arasında müntəzəm olaraq fəaliyyət göstərir.