İran niyə Türkiyə “sancısı” çəkir?

Siyasət

27.07.2022 - 21:49

Tehran hələ ötən həftə terrora qarşı birgə mübarizə vəd etdiyi Ankaranı hansı haqla belə əsassız şəkildə ittiham edir?

İraq Kürd Regional Rəhbərliyi (İKRR), mərkəzi qərargahı Ərbildə olan və Türkiyə-İran sərhədi boyunca uzanan, Konya böyüklüyündə olan dağlıq ərazidə yerləşir. İKRR 2005-ci ildə ABŞ-ın İraqı işğal etməsindən sonra qəbul edilən yeni konstitusiya ilə, keçmiş ABŞ Prezidenti Vudro Vilsonun 1915-1919-cu illər arasında Osmanlı dövlətini əvəzləməyi təklif etdiyi üç ölkədən birinin ilk addımı olaraq quruldu.

İraq kürdlərinin müstəqillik mübarizəsinin tarixi Vilsonun layihəsindən bir əsr əvvələ gedib çıxır. Lakin kürdlərin yaşadığı digər ölkələr - Türkiyə, İran və Suriya ilə müqayisədə daha çox üsyanların və ərəb-kürd müharibələrin yaşandığı İraq bu tarixdən sonra parçalanma həddinə gəlib çatmışdı.

ABŞ və İsrailin təşviq və təxribatlarından, xüsusən də yeni konstitusiyadan narazı olan ərəb çoxluğun təzyiqlərindən, onların yaratdığı iqtisadi maneələrdən bezən İKRR lideri Məsud Bərzani 2017-ci ildə müstəqillik elanı üçün referenduma getmişdi. Lakin Bərzani Türkiyənin iqtisadi çətinlikləri aradan qaldırmaq üçün verdiyi yardım və təkliflərdən sonra müstəqillik ideyasını arxa plana atdı.

Hazırda Türkiyə regional kürd idarəetməsinin bir nömrəli ticarət tərəfdaşıdır - Türkiyə ilə sosial və mədəni əməkdaşlıq getdikcə artır. Bundan əlavə, İKRR İraqın İranla sərhədində məskən salan PKK terrorçularına qarşı davam edən mübarizəyə fürsət və fəal dəstək verir.

İndi bu cür müsbət münasibətlər davam edərkən Türkiyənin İKRR-in Zaho rayonunun Bereket bölgəsində getdikcə daha çox tanınan və yerli turistləri cəlb etməyə başlayan Perek kəndini qəsdən bombaladığı, 8 nəfərin ölümü və 30-a yaxın şəxsin yaralanması ilə nəticələndiyi açıqlanır. Bunu kim iddia edir? İraq hökuməti deyil, İKRR administrasiyası deyil, məhz İran Xarici İşlər Nazirliyinin sözçüsü!

İranın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani yazılı açıqlamasında Türkiyənin Zahoda sərhədyanı əraziləri artilleriya atəşinə məruz qoyduğunu deyib.

Kənani bununla da kifayətlənmir. O, həmçinin İraq hökumətinə və xalqına başsağlığı verir. O boyda İran hökumətinin Xarici İşlər Nazirliyinin bu bəyanatı üzərinə, İraqdakı rəsmilər ayağa qalxaraq Türkiyəni pisləyən mesajlar verməyə, milli matəm elan etməyə və bayraqları yarıya endirməyə başlayırlar.

Kaş ki, iş bununla da bitəydi. Artıq Türkiyə daxilindən də "Buraxın Suriyanı, hətta İraqda Qəndilə qarşı heç bir əməliyyat keçirilə bilməz!", - tipli açıqlamalar, məqalələr yayılır.

Türkiyə çox aydın, dəqiq və qısa bəyanat verdi. Xarici işlər naziri Mövlud Çavuşoğlu İraq hökuməti və İKRR rəsmiləri ilə birlikdə məsələni araşdırmağa hazır olduqlarını açıqladı. İranın İraq və Suriyada uçuşan pilotsuz təyyarələri olduğu üçün, təbii ki, mərmilərin haradan və kimlər tərəfindən atıldığına dair videoçəkilişləri də olmalıdır. Buyursunlar, onları araşdırma aparan orqana təhvil versinlər.

Amma İranın əlində belə sübutlar olsaydı, bunları çoxdan ortaya atmışdı. Buna görə də veriləcək sual belədir: İran hələ ötən həftə terrora qarşı birgə mübarizə vəd etdiyi Türkiyəni niyə belə əsassız və cəsarətli şəkildə ittiham edə bilir? İran bu cəsarəti haradan alır?

Müəllif: Hakkı Öcal

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli