Tehranın hər bir minanın yerini qeydə alıb-almadığı məlum deyil: bəzi minalar sürüşüb yerini dəyişə biləcək şəkildə yerləşdirilib
İran Hörmüz boğazında qoyulmuş bütün minaları aşkar edə bilmir və onları təmizləmək gücünə malik deyil. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinə görə, Tehranın Tramp administrasiyasının boğazdan sərbəst keçid tələblərini tez bir zamanda yerinə yetirə bilməməsinin səbəblərindən biri də budur.
NYT mənbələrinə görə, bu məsələ Pakistanda İran və Amerika nümayəndə heyətləri arasında keçirilən danışıqlarda əsas mövzu olub.
Bildirilib ki, Tehran ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından qısa müddət sonra, mart ayında boğazı minalayıb. Minalar İranın raket və pilotsuz təyyarə hücumları təhlükəsi ilə birlikdə, neft tankerlərinin və digər gəmilərin axınını minimuma endirib, qlobal enerji qiymətlərini qaldırıb və İrana müharibədə əsas sövdələşmə imkanı verib. Tehran boğazda dar bir dəhliz saxlayaraq "ödəniş" edən gəmilərin keçidinə icazə verib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmiləri minalarla qarşılaşma riski barədə xəbərdar edib və hökumətyönlü media təhlükəsiz marşrutların xəritələrini dərc edib.
ABŞ rəsmilərinin sözlərinə görə, bu marşrutlar əsasən İranın boğazı ayrı-seçkilik etmədən minalaması səbəbindən məhdudlaşdırılıb.
İranın hər bir minanın yerini qeydə alıb-almadığı məlum deyil. Bəzi minalar sürüşüb yerini dəyişə biləcək şəkildə yerləşdirilib.
Dəniz minalarını təmizləmək, quru minalarını təmizləməkdən daha çətindir. ABŞ ordusunun güclü mina təmizləmə imkanları yoxdur və mina əleyhinə tədbirlər üçün yalnız sahil döyüş gəmilərinə güvənir.
NYT mənbələri qeyd edib ki, İran da minaları, hətta özü qoyduğu minaları belə tez bir zamanda təmizləyə bilmir.
Qeyd edək ki, 7 apreldə İranla iki həftəlik atəşkəs elan edən sosial media paylaşımında ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının "tam, dərhal və təhlükəsiz şəkildə yenidən açılmasını" tələb etdi. Növbəti gün İranın xarici işlər naziri Abbas Əraqçi boğazın "texniki məhdudiyyətlərə tabe olaraq" yenidən açılacağını bildirdi.
ABŞ rəsmilərinin sözlərinə görə, Əraqçi "texniki məhdudiyyətlər" dedikdə İranın minaları tez bir zamanda aşkar edə və ya zərərsizləşdirə bilməməsini nəzərdə tutub.