İran hakimiyyəti Vaşinqton beş şərti yerinə yetirənə qədər danışıqları bərpa etməyəcək
İran Pakistan vasitəçisinə atəşkəsdən sonra Ərəbistan dənizində və Oman körfəzində dəniz blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlarda inamsızlığı daha da artırdığını çatdırıb.
AYNA.AZ “Fars”a istinadən bildirir ki, agentliyin mənbəsinin verdiyi məlumata görə, İran hakimiyyəti Vaşinqton Tehranın qoyduğu beş şərti yerinə yetirənə qədər münaqişənin həlli üçün ABŞ ilə danışıqları bərpa etməyəcək.
Mənbənin sözlərinə görə, şərtlərə bütün cəbhələrdə (xüsusilə Livanda) müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi, müharibənin vurduğu ziyanın ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.
Mənbə qeyd edib ki, bu şərtlər yalnız minimum etimad səviyyəsinin yaradılması və danışıqlar prosesinə qayıtmaq üçün qoyulub.
Mənbə həmçinin deyib ki, İran Pakistan vasitəçisinə atəşkəsdən sonra Ərəbistan dənizində və Oman körfəzində dəniz blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlarda inamsızlığı daha da artırdığını çatdırıb.