“Bu planın həyata keçirilməsi ABŞ-ı daimi təkpartiyalı dövlətə çevirəcək”
“Respublikaçıların namizədi Donald Tramp prezidentlik yarışında məğlub olarsa, ABŞ-da artıq real seçkilər olmayacaq”. AYNA xəbər verir ki, bu barədə amerikalı milyarder, sahibkar İlon Mask “X” sosial şəbəkə hesabında yazıb.
Mask xatırladıb ki, Demokrat Partiyasının liderləri 15 milyon qanunsuz miqrantı leqallaşdırmaq və bundan sonra ölkəyə daha on milyonlarla əcnəbi cəlb etmək istəyirlər. Maska görə, bu planın həyata keçirilməsi ABŞ-ı “daimi təkpartiyalı dövlətə” çevirəcək.
Mask yazıb: “Tramp uduzsa, bu, son real seçki olacaq”.
Avqustun 15-də Tramp bildirib ki, ABŞ-ın hazırkı administrasiyasının uğursuz immiqrasiya siyasəti ölkədə cinayət epidemiyasına səbəb olub. Siyasətçi xatırladıb ki, o, qanunsuz miqrantlar tərəfindən törədilən cinayətlərin epidemiya miqyasına çatacağı barədə xəbərdarlıq edib. Tramp miqrantları ABŞ-ın vitse-prezidenti Kamala Harris tərəfindən ölkəyə buraxılan “qəddar, rəzil, pis” insanlar adlandırıb.
Mart ayında Mask ABŞ Prezidenti Co Bayden və onun administrasiyasının miqrant cinayətləri ilə mübarizə aparmadığını söyləyib. Sahibkar Los-Anceles polisinin evləri qarət edən əcnəbilərdən ibarət mütəşəkkil dəstələrə qarşı mübarizə aparmaq üçün xüsusi dəstə yaratması ilə bağlı məlumatını belə şərh edib.