İki azərbaycanlıya qarşılıq üç erməni: Diversantları verək, girovları alaq

Siyasət

26.08.2020 - 16:57

Çingiz Qənizadə: “Həmişə Dilqəm və Şahbazla bağlı Azərbaycan razılaşdırılmış addımların atılmasında maraqlıdır”

 

Arzu Nağıyev: “Erməni diversantın gəliş səbəbi, cinayətləri araşdırılmamış dəyişdirilməsi mümkün deyil”

 

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.

 

Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əsir götürülən erməni diversantla bağlı danışıqlara başlayıb. Bu barədə BQXK-nın Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlama verib. O bildirib ki, BQXK hər iki tərəfin aidiyyəti qurumları ilə bu məsələyə dair əlaqədədir: “Komitə mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”.

Azərbaycanın ələ keçirdiyi erməni diversantlar – Onlar kimdir ...

Əsir götürülən erməni diversantın Dağlıq Qarabağın separatçı dəstəsi tərəfindən girov saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi məsələsi gündəmin mövzularındandır. Bir çox ictimaiyyət nümayəndələri hesab edirlər ki, Alberyanı və Azərbaycanda olan digər erməni əsirləri separatçıların əlində olan girovlarımızla dəyişdirmək mümkündür.

 

Xatırladaq ki, Alaverdyana qədər Azərbaycanda 2 erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. Qurgen Alaverdyanın saxlanması ilə Azərbaycanda həbsdə saxlanan erməni diversantların sayı 3 oldu.

 

Onu da bildirək ki, 2014-cü ildə öz ata-baba yurdunu ziyarətə gedən azərbaycanlılar, Azərbaycan vətəndaşı Şahbaz Quliyev və Rusiya vətəndaşı Dilqəm Əsgərov separatçılar tərəfindən tutulublar. Onlara Qarabağ separatçıları tərəfindən “məhkəmə” qurulub, Dilqəmə ömürlük, Şahbaza isə 22 il həbs verilib. Onlarla birgə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna getmiş Həsən Həsənov isə separatçılar tərəfindən öldürülüb.

 

Əsirlərin dəyişdirilməsi məsələsinə cəmiyyətdən gələn təklifi AYNA-ya dəyərləndirən hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə ilə millət vəkili Arzu Nağıyev Ermənistanın razılaşmalara əməl etmədiyini diqqətə çatdırıblar.

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma… - Rayon camaatı ...

Ç.Qənizadə deyib ki, Ermənistanla əsirlərin, girovların dəyişdirilməsi ilə bağlı “hamının hamıya” prinsipi razılaşdırılmışdı. Hansı ki, bu, beynəlxalq təşkilatlar tərəfindən təklif olunmuşdu: “Təklifi də tərəflər qəbul etmişdilər. Amma Ermənistan tərəfi razılaşmaya heç vaxt əməl etmədi. Xüsusən də, Dilqəm və Şahbazın dəyişdirilməsinə yaxın durmadılar. Məsələ burasındadır ki, Ermənistan tərəfi onları mülki vətəndaş hesab etmir. Guya ki, Dilqəm, Şahbaz və qətlə yetirdikləri Həsən Həsənov Azərbaycan tərəfindən göndərilən xüsusi şəxslər olub, diversiya cəhdi ediblər və s. Sonra da onlara Dağlıq Qarabağ separatçıları “məhkəmə” qurdular, həbs etdilər”.

 

“Əgər Ermənistan hesab edirsə ki, girovlarımız mülki vətəndaş deyillər, o zaman bizim əlimizdə olan diversantları var. Azərbaycanda olan erməni girov təkcə Goranboyda tutulan erməni diversant deyil, ondan başqaları da var. Bütün hallarda hesab edirəm ki, Azərbaycan dövləti girovların dəyişdirilməsini məqbul sayır. Həmişə Dilqəm və Şahbazla bağlı Azərbaycan razılaşdırılmış addımların atılmasında maraqlıdır. İndi Ermənistanın təxribatçı qrupunun rəhbəri həbs olunub, ondan götürülən hərbi silah-sursat nümayiş edilib, aydınlaşıb ki, bu, erməni diversantdır, hərbçidir. Belə hesab edirəm ki, burada vasitəçilər rol oynamalıdır, BQXK aktivlik göstərməlidir”, - deyə Qənizadə vurğulayıb.

Arzu Nağıyev: Gənclərimiz könüllülük fəaliyyətində aktiv iştirak ...

Hüquq müdafiəçisi hesab edir ki, bütün hallarda, kiminlə dəyişdirilməsindən asılı olmayaraq, Dilqəm və Şahbazın Azərbaycana qaytarılması üçün dövlətimizin çox ciddi iş görülür: “Mən bilirəm ki, Azərbaycan addımlar atır. Rəsmi Bakı nəinki Dilqəmlə Şahbazın, Ermənistanda olan bütün girovların, əsirlərin qaytarılmasında maraqlıdır. Əgər Ermənistan tərəfi də vətəndaşının qaytarılmasında maraqlı olsa, bu dəyişmə baş tuta bilər. Arzulayıram ki, bu iş uğurla nəticələnsin”.

 

Deputat Arzu Nağıyev də bildirib ki, “hamının hamıya” prinsipi ilə girovların dəyişdirilməsi məsələsi bir dəfə gündəmə gəlib: “Azərbaycan tərəfi də buna razılıq vermişdi. Ermənistan tərəfi dəfələrlə açıqlama verib ki, guya, Dilqəm və Şahbazın məsələsi Dağlıq Qarabağ separatçılarına aiddir, separatçıların “müstəqil dövləti” var, onlarla danışılmalıdır. Rəsmi İrəvan iddia edir ki, Şahbaz və Dilqəmin dəyişdirilməsi üçün heç nə edə bilməzlər. Yəni ki, Ermənistan “hamının hamıya” prinsiplərindən faktiki olaraq imtina edib. Goranboyda həbs olunan diversant Ermənistanın hərbçisi olduğuna görə, danışıq birbaşa Azərbaycanla Ermənistan arasında getməlidir. Dəyişdirilmə məsələsi gündəmə gəldikdə, Ermənistanın Dilqəm və Şahbazın girov götürülməsinin onlara aid olmadığını yenidən deməsi ehtimalı var”.

 

“Düşünürəm ki, erməni diversantın gəliş səbəbi, cinayətləri araşdırılmamış dəyişdirilməsi mümkün deyil. Bəlkə erməni hərbçinin ilkin istintaqında bir neçə ölüm işi çıxacaq? Elə bir maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilər ki, dəyişdirilməsi mümkün olmaya bilər. Bu məsələlər aydınlaşmalıdır, ondan sonra məsələyə baxıla bilər”, - millət vəkili qeyd edib.

 

A.Nağıyev düşünür ki, indiki mərhələdə bu məsələ gündəmə gəlməli deyil və gəlməməlidir: “Bunun istintaqı getməmiş, dəyişdirilmədən danışmaq olmaz. İkinci bir tərəfdən də, hesab edirəm ki, Ermənistan Dilqəmlə Şahbazın qaytarılmasına razı olmayacaq”.

Müəllif: Anar Bayramoğlu