"Həmin şəxsləri Afrikada vəzifəyə təyin etsələr..." - Parlamentdə büdcə müzakirəsi

Cəmiyyət

22.06.2022 - 14:08

Milli Məclisin iclasında bu ilin dövlət büdcəsinə dəyişiklik qəbul edilib: Ombudsmanın maaşı artırıldı

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında bu ilin dövlət büdcəsinə dəyişiklik layihəsi müzakirə olunub. layihə müzakirəyə çıxarılıb. İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmilər də iştirak ediblər. Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. 

Komitə sədri: "Qlobal savaşlar sırasında ayaq altında qalmırıq"

2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanın dövlət büdcəsini Gürcüstan və Ermənistanın büdcəsi ilə müqayisə edib. Deputat bildirib ki, Gürcüstanın dövlət büdcəsi 6.4 milyard dollar, Ermənistanın büdcəsi isə 4.4 milyard dollardır: "Azərbaycanın dövlət büdcəsi isə Gürcüstan və Ermənistanın dövlət büdcəsindən ikiqat çox olmaqla regionda liderliyi saxlayır. 

"Son bir əsrdə ilk dəfədir ki, qlobal savaşlar sırasında ayaq altında qalmırıq, səhv siyasət nəticəsinə girdablara düçar olmuruq. Bu, cənab prezidentimizin məqsədyönlü siyasətinin nəticəsidir. Büdcədə dəyişikliklər ərzaq xərclərinin artması, qıtlıq və ərzaq böhranına yol verilməməsinə xidmət edir", - deyə Z.Oruc büdcəni yüksək qiymətləndirib. 

Deputat: "Olmaz ki, elə sentyabrın 1-də dərs başlasın və müəllimlər də o vaxtdan maaş alsınlar?". "

Deputat Fazil Mustafa isə büdcə müzakirələri zamanı təhsil-tədris ilinin başlama tarixi ilə bağlı narazılığını dilə gətirib. Millət vəkili xatırladıb ki, avqustun 21-dən müəllimlər işə çıxırlar: "Amma sentyabrın 15-nə qədər maaş alırlar. Əlbəttə, Azərbaycan müəlliminə nə qədər çox pul verilirsə, halal xoşlarıdır. Lakin olmaz ki, elə sentyabrın 1-də dərs başlasın və müəllimlər də o vaxtdan maaş alsınlar?". 

"Bilik Gününü sentyabrın 15-ə müəyyənləşdirənlər isti havanı əsas gətirirlər. Həmin şəxsləri Afrikada vəzifəyə təyin etsələr, orada tədrisi qadağan edərlər. Yenə məsələni qaldırmaq istəyirəm ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi uyğundur. Onsuz da mayın sonunda dərslər dayanır. Müəllimlər iyunun 15-nə qədər boş qalırlar", - deyə deputat vurğulayıb.

"Qazın kubmetrinə görə qiymət neftlə bərabərləşdirilsin"

Müzakirəyə qoşulan deputat Tahir Kərimli qazın kubmetrinə görə qiymətin neftlə bərabərləşdirilməli olduğunu söyləyib: "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, bizim qazdan gələn gəlirlərimiz neftdən gələn gəlirlə bərabərləşdi. Bu tarixdə ilk dəfədir. Təklif edirəm ki, əgər elədirsə, qazın kubmetrinə görə qiymət neftlə bərabərləşdirilsin. Bu, yaxşı olar".

Müzakirələrdən sonra “2022-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərclərinin artırılması müzakirə edilib. Dəyişikliyə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,0 milyon manat və ya 0,6 faiz çoxdur. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ombudsman 3060 manat maaş alacaq

Milli Məclisin iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu