Ramal Quliyev Baş Prokurorun əmri ilə tutduğu vəzifəsindən azad olunub
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb. AYNA xəbər verir ki, bunu "Qafqazinfo"nun sualına cavab olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, Ramal Quliyev həqiqətən də əvvəl Baş İdarənin əməkdaşı olub, lakin hazırda işləmir. K.Əliyevin sözlərinə görə, Ramal Quliyev özünün müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, R.Quliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləyib. Sabiq başçının digər oğlu Ramin Quliyev isə Nərimanov Rayon Məhkəməsinin hakimidir.
Xatırladaq ki, dekabrın 18-də DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafanın icra başçısı Nizaməddin Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər.