Parlament binasının müşahidə kameraları sındırılıb, elektrik naqilləri yandırılıb
Etirazçılar Tiflisdə Gürcüstan Parlamentinin binasında xarici işıqlandırma və digər avadanlıqları zədələyib, elektrik naqillərini yandırıblar. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatında qeyd olunub.
“Etirazçıların bir hissəsi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya girib, onları şifahi təhqir edib, binanın xarici işıqlandırma sistemini, kameraları, digər avadanlıqları zədələyib, elektrik naqillərini yandırıblar”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələrinin üzərinə naməlum əşyalar atılıb, nəticədə bir polis əməkdaşı yaralanıb.
Nazirlik aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə və polisin tələblərinə əməl etməyə çağırıb. Əks halda, DİN qanunda nəzərdə tutulmuş tədbirləri tətbiq edəcəyini bəyan edib.
Medianın məlumatına görə, Tiflisin Zubalaşvili qardaşları küçəsindən parlament binasına rəsmi giriş hissədə vəziyyət daha da gərginləşib. Nümayişçilər polisə müxtəlif əşyalar - butulkalar, fişənglər, boyalı toplar atıblar.