Murtaz Zodelava, İrakli Nadiradze, Paata Burçuladze, Paata Manjqaladze və Laşa Beridze çevrilişə cəhddə ittiham olunurlar
Oktyabrın 4-də Tiflisdə keçirilən etiraz aksiyasının təşkilatçıları saxlanılıb. AYNA.AZ gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında Milli Hərəkat Partiyasının üzvləri Murtaz Zodelava və İrakli Nadiradze, “Rustaveli prospekti” Hərəkatının liderlərindən biri olan Paata Burçuladze, “Strategiya Aqmaşenebeli” Partiyasının nümayəndəsi Paata Manjqaladze və polkovnik Laşa Beridze var.
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, bu şəxslər Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda, zorakılıq hərəkətləri təşkil etməkdə, rəhbərlik etməkdə və törətməkdə ittiham olunurlar.
Onun sözlərinə görə, bu cinayətlər 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər Tiflisdə Azadlıq meydanında keçirilən aksiyada aqressiv hərəkətlərə çağırıb və bəzi iştirakçılar təhlükəsizlik baryerlərini sındıraraq Prezident sarayına daxil olmağa cəhd ediblər.
Gürcüstan DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanları dəfələrlə mitinq iştirakçılarını tədbiri dinc şəraitdə keçirməyə çağırıb, lakin bu tələblər yerinə yetirilməyib.
İstintaq Cinayət Məcəlləsinin 317, 222, 225 və 187-ci maddələri ilə aparılır. Nazirlik araşdırmanın gedişi ilə bağlı ictimaiyyəti məlumatlandıracağını qeyd edib.
Məlumata görə, Murtaz Zodelava və İrakli Nadiradze Rustaveli prospektində, Paata Burçuladze isə Helsikor klinikasında saxlanılıb. Saxlanılanlardan 5-i oktyabrın 4-də keçiriləcək mitinqin təşkilat komitəsinin üzvüdür.