Hakim partiya Zurabişvilini “xarici ağalarının” əmrlərini yerinə yetirən “radikal müxalifət”in bir hissəsi adlandırır
“Prezident Zurabişvili və müxalifət partiyalarının Baş nazir postuna namizədlə bağlı müzakirələri absurd teatrıdır və Konstitusiyanın kobud şəkildə pozulmasıdır”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının rəsmisi, Tiflis meri Kaxa Kaladze deyib.
“Bilmirəm, sadəcə inanılmaz şeylər baş verir. Bu, absurd teatırdır. Burada hər bir radikalın öz rolu var. Kimi Baş nazir postuna namizəd etmək istədiklərinin heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Konstitusiyanın növbəti kobud pozuntusudur və təbii ki, cavabsız qalmamalıdır”, - Kaladze bildirib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident Sarayında müxalifət nümayəndələri ilə ölkənin Baş naziri postuna namizədliyi ilə bağlı siyasi məsləhətləşmələr aparır. Prezident artıq “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Anna Dolidze və keçmiş Baş nazir Qaxariyanın rəhbəri olduğu partiyanın üzvü Natia Mezvrişvili ilə görüşüb. Müxalifət partiyalarının liderləri ilə görüşlər bu gün davam edəcək.
Xatırladaq ki, “Gürcü arzusu”nun nümayəndələri ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatı və onun tərəfdaşlarını, o cümlədən “Lelo” Partiyasını radikal müxalifət adlandırırlar.
“Gürcü Arzusu”nun liderləri həmçinin Zurabişvilini “xarici ağalarının” əmrlərini yerinə yetirən “radikal müxalifət”in bir hissəsi sayırlar. Buna cavab olaraq Prezident hakim partiyanı rusiyayönlü qüvvə adlandırır.
Zurabişvili daha əvvəl qeyd edib ki, seçicilər seçkilərdən əvvəl bilməlidirlər ki, müxalifət qalib gələrsə, Gürcüstan hökumətinə kim başçılıq edəcək. Prezident vurğulayıb ki, onların hamısı peşəkar olmalıdır.