"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar"
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Zəhərlənən məktəblilərin kimliyi məlum olub. Onlar 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
TƏBİB-dən AYNA.AZ-a bildirilib ki, ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.