Füzuli-Şuşa yolunun istifadəyə veriləcəyi tarix <font color=red> AÇIQLANIB</font>

Xəbərlər

04.02.2021 - 16:04

Avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir

 

Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

AAYDA-dan bildirilib ki, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84,6 kilometr təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trass üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

 

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir.

 

Yeni trass üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

 

Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.

 

Başlanğıcını Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur.

Müəllif: Ayna.az