Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

Siyasət

15.07.2020 - 17:14

Diplomata rəsmi Bakının etirazı çatdırılıb

 

14 iyul 2020-ci il tarixində ölkəmizin Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

 

“Baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib. Xatırladırıq ki, bundan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, o cümlədən ABŞ-dakı Səfirliyimizə qarşı radikal erməni təşkilatlarının üzvləri tərəfindən müdaxilə cəhdləri olub. Erməni terrorçuluq meylləri, təəssüf ki, bizə yaxşı bəllidir. Azərbaycan erməni terrorunun acılarını yaşayıb, həm də 20-ci əsrin əvvəllərindən etibarən. 1980-ci illərin sonlarında Azərbaycanda törədilən çoxsaylı terror aktları, 1992-ci ildə Xocalıda bir gecədə 613 mülki şəxsin vəhşicəsinə qətl edilməsi, bu gün də işğalçı ölkənin silahlı qüvvələrinin azərbaycanlı mülki şəxsləri hədəfə alması - bütün bunlar ermənilər tərəfindən törədilmiş qanlı terror aktlarıdır. Terrorçuluq meylləri Ermənistanın işğalçılıq siyasətinin kökündə durur”, - XİN-in məlumatında bildirilib.

 

Qeyd olunub ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib: “Eyni zamanda, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib”.

Müəllif: Ayna.az