“Facebook” və “Google”un inhisarına son qoyulmalıdır” – AİF prezidenti

Aktual

05.10.2021 - 19:02

Osman Gündüz: “Nəhəng təmərküzləşmə ənənəsinə son qoyulmalıdır”

Xəbər verdiyimiz kimi, sentyabrın 4-də “Facebook”, “Instagram” sosial şəbəkələrinin, “Whatsap” tətbiqinin fəaliyyəti dayanmışdı. Sosial şəbəkələrə girişdə olan problem təkcə ölkəmizdə deyil, digər ölkələrdə də baş verib.

Sonradan adıçəkilən sosial şəbəkələrin fəaliyyəti bərpa edilsə də, yaxın gələcəkdə də bu kimi halların təkrarlana biləcəyi istisna olunmur. Baş verənlər vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz AYNA-ya açıqlamasında deyib ki, dünyanın internet məkanı bəzi şəxslərin əlində cəmləşib: “Baş verən qlobal rəqəmsal çöküşdən sonra məlum oldu ki, bu tip qlobal resurslar artıq yetərincə rəqabətsiz və alternativsiz mühit formalaşdırıb. Bu cür mühit də dünya iqtisadiyyatı, ölkələr və cəmiyyətlər üçün ciddi təhdidlər yaratmağa başlayıb. Yalnız “Facebook”, “Instagram” və “Whatsapp” deyil, “Google”, “Apple”, “Amazon” və s bu kimi qlobal resurslar rəqəmsal bazara daxil olan digər  resursları alaraq, özlərinə qatmaqla nəhəg  şirkətlərə çevrilir və dünənki baş verənlər də onu göstərdi ki, bu cür təmərküzləşmə artıq ciddi təhlükələr yaradır”.

AİF rəhbərinin sözlərinə görə, bu tip təhlükələr, çağırışlar yeni deyil: “Əvvəllər də bir sıra ölkələr, xüsusilə də ABŞ bu cür təhlükələrin aradan qaldırılması üçün uzun-uzadı araşdrımalar aparıb, hesabatlar hazırlayıb. Xatırlayıram ki, sonuncu dəfə 2020-ci ildə bu tip problemlə bağlı ABŞ Konqresi 500 səhifəlik bir hesabat hazırlamışdı. Düşünürəm ki, adıçəkilən hesabatlarda və araşdrımalarda qeyd olunduğu kimi, “Facebook”, “Google”, “Amazon”, “Twitter”, “Apple” və s. bu tip qlobal şirkətlərin ayrı-ayrı qurumlara parçalanması istiqamətində addımların atılması doğru olardı. Yəni, bu tip qurumlar üçün bazar payı ilə bağlı rəqəmlər müəyyən olunmalıdır. Məsələn, “Whatsapp” və “Instagram” “Facebook”-dan, “Youtube” “Google”-dan ayrılmalıdır və sair”.

“Böyük IT şirkətlərinin birləşməsi ənənəsinə son qoyulmalıdır. Bu tip qurumlara rəqəmsal bazara daxil olan digər yeni, oxşar qurumları almaq, necə deyərlər, özlərinə qatmaq qadağan olunmalıdır. Onlar yeni qurumları alaraq bazarda alternativsiz, inhisarçı mühit formalaşdırır, inkişafa mane olurlar. Rəqabətli və alternativli mühit formalaşdıran, inhisarçılığın qarşısnı alan şərtlər hazırlanmalıdır. Qlobal sosial media qurumlarının səlahiyyətlərini məhdudlaşdıran, konkret səlahiyyət çərçivəsi müəyyən edən, ikili standartları aradan qaldıran tənzimləmələr tətbiq edilməlidir”, - deyə ekspert vurğulayıb.

Gündüz bu istiqamətdə zəruri addımların atılmalısını vacib hesab edir: “Ötən gün baş verən verən çökmə həm də onu göstərdi ki, lokal, yerli  rəqəmsal bizneslər daha ehtiyatlı olmalı, ehtiyat variantlar hazırlanmalı,  rəqəmsal biznesdə risklər qabaqcadan nəzərə alınaraq addımlar atılmalıdır. İnformasiya münasibətlərinin və biznesin bir neçə sosial media üzərində olması, bir neçə sosial media resurslarına inteqrasiya, qabaqcadan təhlükəsizlik tədbirlərinin görülməsi, təhlükəsizlik üçün investisiyaların qabaqcadan ayrılması daha doğru addım olardı. İstənilən asılılıq, tibb mütəxəssisləri demiş, artıq xəstəlikdir. Elə etmək lazımdır ki, sosial media resurslarından istifadə asılılıq səviyyəsinə gəlib çıxmasın. Xüsusilə də valideynlər uşaqları bununla bağlı diqqətdə saxlamalıdırlar”.

Müəllif: Azər Niftiyev