“Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün bütün lazımi addımları atmaq öhdəliyimizi bir daha təsdiqləyirik”
“Ermənistan və ABŞ Vaşinqtonda əldə edilmiş TRIPP layihəsini və digər razılaşmaları həyata keçirmək üçün çalışırlar”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı deyib.
Cənubi Qafqazda kommunikasiyaların açılmasına gəlincə, Baş nazir Paşinyan ABŞ-ın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sazişlərə toxunub.
"Ermənistan ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə birlikdə Ermənistanda TRIPP marşrutu layihəsinin həyata keçirilməsi üçün çərçivənin müəyyənləşdirilməsi üzərində işləyir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün bütün lazımi addımları atmaq öhdəliyimizi bir daha təsdiqləyirik", - Baş nazir bildirib.
O həmçinin qeyd edib ki, hazırda İrəvan və Vaşinqton əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün ciddi səylər göstərir.