İlham Əliyev: “İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır”
“İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir”. AYNA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.
Dövlət başçısı qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur: “Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır”.
“Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır. Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir: “Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”.
“Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir. Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda, xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycan Prezidenti qeyd edib ki, 30 ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.