“İrəvan ümid edir ki, Bakı razılaşdırılmış maddələri COP29 iqlim dəyişikliyi konfransına qədər imzalayacaq”
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ümid edir ki, Ermənistan və Azərbaycan yaxın dörd həftə ərzində sülh sazişini imzalayacaqlar. AYNA xəbər verir ki, bu barədə Xaçaturyan “Reuters”ə agentliyinə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, “İrəvan ümid edir ki, Bakı razılaşdırılmış maddələri noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi konfransına qədər” imzalayacaq.
“Reuters” əlavə edib ki, Ermənistan Prezidenti Hamburq Sabitlik Forumunda çıxışında Ermənistanın yalnız erməni tərəfdən asılı olacağı təqdirdə sülh müqaviləsini elə indi imzalayacağını söyləyib: “Ümid edirik ki, gec-tez bu məqama çatacağıq”.
Xaçaturyan əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin bəzi maddələri üzrə danışıqlar davam edir.
Prezident Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına toxunaraq qeyd edib ki, “danışıqlar yaxşı gedir, iki ölkə arasında sərhədin üçüncü ölkələrə və diplomatik pasport sahiblərinə açılması məsələsi müzakirə olunur”.
“Bu, əsl diplomatik münasibətlərin reallığa çevrildiyinə işarədir”, - deyə Xaçaturyan bildirib.