Alen Simonyan: “Sülh sazişindən cəmi beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları ünsiyyət qurmağa başlayacaqlar”
“Ermənilərin əksəriyyəti azərbaycanlı sərhədçinin üzünü görmək istəmir. Amma bu, pisdir, çünki biz qonşuyuq. Zamanla bu da aradan qalxacaq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Milli Assambleyasının (parlament) sədri Alen Simonyan deyib.
Spiker bildirib ki, “eyni ermənilər və azərbaycanlılar Moskvada birlikdə biznes qururlar, dostluq edirlər, bir-birlərinin ad gününə gedirlər”.
“Həssaslıq hər iki tərəfdə mövcuddur, lakin ən prioritet və vacib məsələ kommunikasiyaların mümkün qədər tez açılmasıdır. Sülh sazişindən cəmi beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları ticarət aparmağa, müxtəlif formalarda ünsiyyət qurmağa başlayacaqlar. Bu, qaçılmazdır. Ermənilər və azərbaycanlılar bir-birilə ticarət edəcəklər, bizim vahid Ermənistan-Azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları, Bakıda və digər şəhərlərdə isə erməni məhsulları olacaq. Bu, qaçılmazdır”, - deyə Simonyan vurğulayıb.