Türkiyə Prezidenti: "Biz də Ermənistanla münasibətlərin normallaşması prosesini səmimiyyətlə davam etdiririk"
“Qarabağdakı qələbə Qafqazda yeni eranın başlanğıcı oldu”. AYNA-nın türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, bu qələbə dastanı regionumuzda davamlı sülh və hərtərəfli normallaşma yolunda maneələri aradan qaldırıb: “İnanırıq ki, bu tarixi fürsət qaçırılmamalıdır. Biz Azərbaycan və Ermənistanın məsələlərin həlli istiqamətində atdığı addımlardan razıyıq. Türkiyə tərəflərin sərhəd məsələlərinin həlli, sülh sazişinin hazırlanması və nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyir. Bu səylərin uğurla həyata keçirilməsi hamımıza, bütün regionumuza fayda verəcək".
"Sevindirici haldır ki, mayın 24-də sərhədin delimitasiyası üzrə Komissiyanın ilk iclası keçirilib və Zəngəzur dəhlizi məsələsində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərin normallaşması prosesini səmimiyyətlə davam etdiririk. Regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyimizi bundan sonra da gücləndirəcəyik”, - deyə Ərdoğan vurğulayıb.