Dünya nəhəng dəyişikliklər astanasında – Əgər bunlar baş verərsə...

Dünya

16.02.2024 - 11:35

ABŞ dünya hegemonluğu missiyasını təhvil verir?

“ABŞ Ukraynaya silah tədarükünü dayandırmalı və sülhün bərqərar olması üçün səy göstərməlidir. Bəzi ölkələr atəşə yanacaq tökməyi dərhal dayandırmalı və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməyi dayandırmalıdır”.

Bu açıqlamanı Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Dzyun verib. Onun sözlərinə görə, bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək olmaz. Bundan əlavə, Çjan Dzyun "təhdidləri dayandırmaq" üçün NATO-ya çağırış edib.

ABŞ və digər NATO-ya üzv ölkələrin Çinin çağırışına tabe olmayacağı tamamilə açıqdır. Amma qarşımızda ABŞ-ın dünyanın ən qüdrətli dövləti kimi tənəzzülünün başqa bir nümunəsi var və Çin getdikcə bu yeri tutmağa çalışır. Burada paradoks odur ki, ABŞ-da baş verən hadisələrin özü onun əleyhinə oynayır.

Məsələn, Amerikanın Qərbi Virciniya ştatının Baş prokuroru Patrik Morrisi ABŞ-ın vitse-prezidenti Kamala Harrisə məktub göndərərək onu Ağ Evin rəhbəri Co Baydeni onda müşahidə edilən koqnitiv pozğunluq əlamətlərinə görə dövlət başçısı vəzifəsini yerinə yetirə bilməyən şəxs kimi tanımağa çağırıb. Məktub Baş Prokurorluğun saytında dərc olunub.

“Mən sizi Prezident Baydenin öz ofisinin vəzifələrini yerinə yetirə bilməyəcəyini bəyan etmək üçün 25-ci Düzəlişin (ABŞ Konstitusiyasına) dördüncü bölməsi üzrə səlahiyyətinizdən istifadə etməyə çağırıram”, - məktubda bildirilir.

Məktub müəllifinin sözlərinə görə, “çox uzun müddətdir ki, amerikalılar öz prezidentlərinin ciddi koqnitiv tənəzzüldən əziyyət çəkdiyini seyr etməli olublar”.

Morrisi xatırladıb ki, Baydenin məxfi sənədlərlə düzgün rəftar etməməsini araşdıran xüsusi prokuror Robert Heurun hesabatı bu vəzifəyə yaraşmayan Prezidentin aydın mənzərəsini təqdim edir. Qərbi Virciniya Baş prokurorunun nöqteyi-nəzərindən, Harris Baydenin sağlam olduğuna inanırsa, o zaman Baş prokurordan (ABŞ Ədliyyə Departamentinin rəhbəri) sənədlərlə qəsdən səhv davrandığına görə Prezidentə qarşı müvafiq ittihamlar irəli sürməsini xahiş etməlidir.

Əslində, bu işin nəticəsindən asılı olmayaraq, Baydenin dövlət başçısı vəzifələrini yerinə yetirmək iqtidarında olmadığını tanımaq çağırışının özü onun reytinqinə böyük zərbə vuracaq. Bu da öz növbəsində Donald Trampın hazırkı prezident seçkilərində qalib gəlmək şansını artıracaq.

Bəs onda dünyada nə baş verə bilər? ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bu suala dolayı yolla “Politico”ya müsahibəsində cavab verib.

Onun sözlərinə görə, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə Brüsseldə keçirilən sammitdə ABŞ-ın NATO-dan çıxmasına yaxın idi. Boltonun sözlərinə görə, Tramp müttəfiqlərini Alyansı gücləndirmək üçün deyil, ABŞ-ın çıxmasına səbəb yaratmaq üçün NATO-ya xərcləri artırmağa çağırır.

“Beləliklə, altı ildən artıqdır ki, bu şərhlərin hər biri NATO-dan çıxmaq ideyasının onun üçün çox ciddi olduğunu mənə təsdiqləyir. İnsanlar deyirlər: “O, həqiqətən də ciddi deyil. O, NATO ilə danışıqlar aparır”. Baxın, o, demək olar ki, çıxanda mən orada idim və o, danışıqlar aparmır, çünki burada məqsədi NATO-nu gücləndirmək deyil, Alyansdan çıxmaq üçün zəmin yaratmaqdır”, - deyə Bolton bildirib.

Bununla bağlı xatırlatmaq yerinə düşər ki, NATO-nun Baş katibi Yens Stoltenberq daha əvvəl bəyan etmişdi ki, keçmiş Prezident Donald Tramp noyabrda yenidən vəzifəyə başlayacağı təqdirdə ABŞ-ın Alyansdan çıxa biləcəyindən narahat deyil: “Mən Tramp prezident olanda onunla dörd il işləmişəm. Tramp dəfələrlə Alyansı tərk etməklə hədələyəndə də, müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirməyən NATO müttəfiqlərini lənətləyəndə də”.

O, həmçinin qeyd edib ki, Trampın NATO-nu tənqid etməsi əslində Alyansa qarşı deyil, 2014-cü ildə ÜDM-nin 2%-ni 2024-cü ilə qədər müdafiəyə xərcləmək öhdəliyini yerinə yetirməyən ayrı-ayrı ölkələrə qarşı yönəlib. Stoltenberq əmindir ki, ABŞ bu ölkədə prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq sadiq müttəfiq olaraq qalacaq.

Düzdür, o vaxtdan Tramp demək olar ki, sensasion bir bəyanatla çıxış edib. ABŞ-ın keçmiş Prezidenti bildirib ki, o, “Rusiyanı Alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə hücum etməyə təşviq edəcəyi” ilə hədələyib. Bu belə oldu: bir dəfə "böyük bir ölkənin prezidentlərindən biri ondan soruşdu ki, ABŞ hələ də "ödəməsələr belə" onları Rusiyanın işğalından qoruyacaqmı. Tramp “xeyr, mən səni müdafiə etməyəcəm” deyə cavab verdi.

“Əslində, mən onları (Rusiyanı) nə istəyirlərsə, etməyə təşviq edərdim. Siz ödəməlisiniz. Hesablarınızı ödəməlisiniz”, - deyə Tramp vurğulayıb.

Gördüyümüz kimi, həddindən artıq çox şey göstərir ki, Tramp prezident seçkilərində qalib gəlsə, dünyada nəhəng dəyişikliklər baş verəcək. Hansılara ki, Rusiya və Çində müsbət qarşılansa da, Avropada üzüləcəklər. Ukraynanın gələcək təhlükəsizliyinin təminatı kimi çalışdığı NATO-ya üzvlük artıq “qoruyucu çətir” olmayacaq. Üstəlik, təkcə Ukrayna üçün deyil.

Müəllif: Əkbər Həsənov