542 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1542 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb. Qeydə alınan namizədlər 19 siyasi partiyalar tərəfindən irəli sürülüb”.
MSK sədri onu da qeyd edib ki, parlament seçkilərində 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb.
M.Pənahovun sözlərinə görə, sənədlərini təqdim etmiş bəzi şəxslər namizədliklərinin qeydə alınmamasına çalışırlar: "Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində elə namizədlər var çalışır ki, biz onları qeydə ala bilməyək. Bu, hansısa məqsədə xidmət edir, Mərkəzi Seçki Komissiyası bu işdə maraqlı deyil. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Qeydə alınmamaq məsələsi məni çox təəccübləndirir. Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur”.
MSK sədri onu da bildirib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib: "İndiyə qədər 30231 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 29219 müşahidəçi dairə seçki komissiyalarında, 1012 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.