Dövlət komitəsindən qiymət açıqlaması

İqtisadiyyat

12.09.2022 - 16:17

İstehlak qiymətləri indeksi açıqlanıb

Cari ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq aylarına nisbətən 113,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AYNA-ya bildirilib ki, avqustda istehlak qiymətləri indeksi iyula nisbətən 100,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 114,2 faiz olub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyula nisbətən 101,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 120,8 faiz təşkil edib.

Cari ilin avqustunda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Avqustda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi iyula nisbətən 100,6 faiz, ötən ilin avqust ayına nisbətən 108,9 faiz təşkil edib.

Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, mebellərin, məişət cihazlarının, işıq lampalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının, ucuzlaşma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi iyula nisbətən 100,7 faiz, keçən ilin avqust ayına nisbətən 109,5 faiz təşkil edib. Avqustda iyulla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Müəllif: Ayna.az