Deputatların gileyi, Vardanyanın “qara gündəliyi”, sülhməramlılara irad... – MÜZAKİRƏ

Aktual

29.11.2022 - 14:38

Millət vəkilləri təndiqlər səsləndirdilər - Xaricdəki azərbaycanlı milyarderlərə çağırış edildi

Milli Məclisin bu gün keçirilən iclasında gündəlikdə olan 28 məsələ müzakirə olunub. Müzakirələrdən əvvəl deputatlar ölkə gündəmi ilə bağlı fikirlər səsləndirib, təkliflər veriblər.

Deputat Razi Nurullayev Elm və Təhsil Nazirliyini tənqid edib, nazirin fəaliyyətinə irad səsləndirib. Millət vəkili qeyd edib ki,  gözləyib ki, Elm və Təhsil Nazirliyinin fəaliyyətində yanaşmalar dəyişər, ona görə də qurumu tənqid etməyib: “Amma indi görürəm ki, yox. Çalışırlar ki, yaxşı olsun, amma daha pis olur. Hazır mexanizmi söküb yenisini qururlar, yeni sistem isə köhnə sistemə dua oxutdurur”.

Deputat: “O insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz?”

“İmişli rayonunda neçə aydır ki, yalnız texniki işlər üzrə 38 vakansiya var. Mən nazirə sual vermək istəyirəm, niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz?”, - deyə deputat vurğulayıb.

R.Nurullayev qeyd edib ki, nazirin özü ilə danışmaqda problemi yoxdur: “İl yarım öncə hörmətli nazirdən kimsəsiz xanım üçün xahiş etmişəm, onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı. Lakin vakansiya ola-ola aylarla, illərlə insanları incitmək olmaz axı”.

Spiker deputatla razılaşmadı: “Naziri tənqid etmək yersizdir”

Deputat deyib ki, nazirliklə əlaqə saxlayır, amma yalnız nazir müavini Firudin Qurbanovla danışa bilir: “Digər müavinlər hörmətsizlik edirlər, telefonun dəstəyini qaldırmırlar. Düzünü deyim, nazirliyi anlamaqda çox çətinlik çəkirəm. Deyim ki, elmimiz və təhsilimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünəgüvən, saymazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.

Milli Məclisin Sədri Sahibə Qafarova R.Nurullayevə cavab verib və onunla razılaşmadığını deyib: “Hesab edirəm ki, bu tənqid yersizdir. Nəyə görə naziri sərt tənqid edirsiniz? Əvvəlki plenar iclasda elm və təhsil naziri Emin Əmrullayev burada idi. Nazir mediaya açıq adamdır, hətta iclasda deputatlar da məsələlərlə bağlı ona yaxınlaşırdı. Nəyə görə siz ona yaxınlaşmadınız. Məktub yazın, cavab alın. Əgər məktub yazmasanız, necə cavab alacaqsınız? Hesab edirəm ki, burada naziri sərt tənqid etmək düzgün deyil”.

Borçalı türklərinin problemi Milli Məclisdə qaldırıldı

Deputat Fazil Mustafa Gürcüstanda yaşayan Azərbaycan türklərinin problemlərindən danışıb. Millət vəkili bildirib ki, Borçalıda elə məktəblər var ki, yaşlı müəllimləri əvəz edəcək heç kim yoxdur: “Məktəb ilk növbədə ona görə azərbaycandilli məktəb adlanır ki, orada Azərbaycan dili və ədəbiyyatı fənni keçirilir. Bunu azərbaycanlı müəllimlər keçirlər. Ümumiyyətlə, digər fənləri keçməyə də müəllim yoxdur, milli məktəblərimizdə kadr çatışmazlığı var. Hesab edirəm ki, problemi həll etmək üçün optimal variant Tbilisidə Gürcüstan və Azərbaycan hökumətinin dəstəyi ilə ortaq universitetin yaradılmasıdır”.

Deputat dini məsələdə də problemin olduğunu söyləyib: “Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır, ya da Borçalıya onlara müəyyən tapşırıqlar verərək qaytarırlar. Gürcüstanda Azərbaycanlılar arasında olan cəhalətin səviyyəsi artmaqdadır. Biz indidən bu məsələyə reaksiya verməliyik. Gürcüstanda olan azərbaycanlıların dini təhsil alması üçün imkanlar yaradılmalıdır. Bunlar ciddi problemlərdir. İndi tədbir görülməsə, fəsadları ağır olacaq”.

“Artıq biz deputatlar ölkənin maraqlarını təmsil edən məsələlərdə heç nəyi həll etmək səlahiyyətində deyilik”

“Mən Xüsusi Olimpiya Komitəsinin sədriyəm. Gələn il Berlində olimpiya yarışları keçiriləcək və biz bu tədbirdə Azərbaycanı təmsil etməli idik. İndiyə qədər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Xüsusi Olimpiya Komitəsinə maliyyə ayırmalı idi. Bu maliyyə sayəsində idmançılarımız məşq etməli, hazırlaşmalı idi. Amma bu maliyyə ayrılmadı, onu başqa istiqamətə yönəltdilər. Biz tənqid edəndə deyirlər ki, yəqin hansısa xahişinə baxmayıblar”, - deyə F.Mustafa nazirliyə irad bildirib.

Deputat deyib ki, artıq millət vəkili olaraq bir çox nazirliklərə müraciət belə etmir: “Çünki edilən bu müraciətlərin heç bir faydası yoxdur. Artıq biz deputatlar ölkənin maraqlarını təmsil edən məsələlərdə heç nəyi həll etmək səlahiyyətində deyilik. Qurumlar tərəfindən ölkə prezidentinə dəstək verilməlidir. Bu gün hətta qurumların nöqsanları aşkara çıxarmalıdır".

Deputat Qüdrət Həsənquliyev isə Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı iradlar səsləndirib: “İki ildir Operativ Qərargah yaradılıb, amma hələ də bilinmir ki, üzvləri kimlərdir. Qərargahın hətta hüquqi statusu da bəlli deyil. Elə mətbuatda oxuduq ki, Operativ Qərargah yaradılıb, iki ildir yaradılmasına baxmayaraq, hələ də bilinmir hansı işə baxır”.

Deputat: “Vardanyan ya Qarabağdan rədd ediləcək, ya da tutulub Azərbaycana gətiriləcək”

Deputat Sahib Alıyev isə Qarabağ separatçılarının qondarma qurumunun “dövlət naziri” Ruben Vardanyandan danışıb. Millət vəkili qeyd edib ki, Vardanyan kimi dələduzun Qarabağda olması adi hal deyil: “Milyarder Qarabağa xüsusi tapşırıqlarla göndərilib və ya gəlib. Təbii ki, Vardanyanın təxribatlarına göz yumulmayacaq. Onun özü də Qarabağa gəlməkdən razı deyil. Qarabağa gəlmə səbəbi öldürülən rusiyalı milyarderlər arasında olmamaqdır. Ona tapşırıq verilib ki, təxribatlarını özü maliyyələşdirsin”.

“Bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ermənilər təxribat törədir. Rusiya bunu Azərbaycanın sülhü pozması kimi qələmə verir. Sülhməramlıların Azərbaycan toponimlərini səhv yazması da qəbuledilməzdir. Qarabağdakı yaşayış məntəqələrinin adlarının haylar arzulayan kimi təqdim edilməsi heç nəyi dəyişmir, Qarabağ Azərbaycandır. Hər kəs aydın görünür ki, Vardanyan hansı tapşırıqla Azərbaycandadır. Vardanyana Ukraynada Samvelə verilən tapşırıqlardan veriblər. Dövlətimizin uyğun strukturları bunu görməzdən gələ bilməzlər. Dələduz Vardanyan ya Qarabağdan rədd ediləcək, ya da tutulub Azərbaycana gətiriləcək”, - deputat əlavə edib.

Rusiya sülhməramlıları ilə bağlı narazılıq – Komitə sədri Dövlət Dumasına məktub göndərəcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirib ki, Rusiya sülhməramlıları tərəfindən Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı adıçəkilən ölkənin parlamentinə müraciət göndəriləcək: Müraciət Rusiya Dövlət Dumasının Regional məsələlər komitəsinə göndəriləcək”.

Digər komitə sədri, deputat Ziyafət Əsgərov bu ideyanı dəstəkləyib: “Rus sülhməramlıları deyirlər ki, bu adları ona görə belə adlandırırlar ki, Rusiya Müdafiə Nazirliyinin xəritəsində belədir. Rusiya dövlət başçısı dəfələrlə bəyanat verib ki, Qarabağ Azərbaycan ərazisidir. Son müharibə zamanı da açıq elan etdi ki, müharibə Azərbaycan ərazisində gedir. O zaman niyə toponimləri Azərbaycanın adlandırdığı kimi verilməməlidirlər?".

Komitə sədri: “Vardanyan Qarabağa “qara gündəlik”lə gəlib”

İnsan haqları homitəsinin sədri, deputat Zahid Oruc isə bildirib ki, Vardanyan Qarabağa “qara gündəlik”lə gəlib: “Xankəndiyə gələn Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə “kabinet” formalaşdırması göstərir ki, bölgəyə “qaranlıq gündəlik”lə gələn bu adam sərvətini yeni separatizm hərəkatına qoyur. Hesab edirəm ki, onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Bizi xaricdə yaşayan milli iş adamlarımızın azad olunan torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına uyğun sərmaye qoymaması da narahat etməlidir”.

“Azərbaycanlı milyonçular xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı? Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə, dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”, - deyə millət vəkili xaricdəki azərbaycanlı milyarderlərə çağırış edib.

Deputatların çıxışlarınmdan, təkliflərindən sonra gündəlikdə olan məsələlərin müzakirəsi başlayıb.

Müəllif: Anar Bayramoğlu