Deputatlardan narazılıq: “Onlara 15 gün küçə süpürtdürmək lazımdır”

Aktual

16.02.2024 - 14:06

Parlamentin iclasında 7 məsələ müzakirə olundu: deputatın biri məhkəmələrdən, biri yollardakı özbaşnalıqdan şikayətləndi

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda deputatlar gündəlikdə olan 7 məsələni müzakirə ediblər.

Əvvəlcə deoutatlar cari məsələlərlə bağlı fikirlərini bildiriblər. Sədr S.Qafarova fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən danışıb və bildirib ki, ölkəmizin bütün ərazisində keçirilən seçkilər milli inkişaf tariximizə “Zəfər seçkiləri” kimi daxil olub: “Xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etmiş, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirmişdir. Bu müdrik seçim bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin edib”.

Spiker prezident seçkilərindən danışdı: ““Bizə qürur verən bir məqam da bundan ibarətdir ki...”

“Bizə qürur verən bir məqam da bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi ənənə halını almışdır. Bu da dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəmi nümayiş etdirir.  Fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil etdi, bu dövrü uğur və qələbələrlə dolu olan illər kimi dəyərləndirdi, eyni zamanda, qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsini xalqımızın yumruq kimi birləşərək həll etdiyini bildirib. Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, Azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd edib”, - deyə spiker xatırladıb.

S.Qafarovanın sözlərinə görə, əminliklə söyləmək olar ki, Prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü və yenilməz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacaq: “Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır”.

Deputat: “Məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınaqlıdır”

Deputat Qüdrət Həsənquliyev məhkəmələrlə bağlı problemi gündəmə gətirib. Millət vəkili deyib ki, məhkəmələrdə vəziyyət acınacaqlıdır, ciddi islahatlara ehtiyac var: “Azərbaycanda bu gün məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınaqlıdır. Məsələ ilə bağlı vətəndaşların çoxlu narazılığı var. Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Bunun səbəbi soruşulanda da cavab verirlər ki, guya işləri çoxdur və çatdıra bilmirlər. Lakin bu həqiqətdə belə deyil”.

“Bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət yetirməliyik. Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdır. Eyni zamanda, həmin qərarların icrasını görməyənlər barədə elə həmin hakimlər cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”, - deyə deputat fikrini tamamlayıb.

““Su müharibələri”nin başlanması ehtimalı böyükdür”

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Toplantıda “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsi müzakirə olunub. Layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək. Qoşulma nöqtəsi tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulma yeridir. Qoşulma müqaviləsi tikinti obyektlərinin isu təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəddir.

Layihəyə görə, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək. Qoşulma xidmətinə görə ödəniş məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün layihələndirməyə, tikinti quraşdırma işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər daxil olmaqla), sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə su təsərrüfatı və kanalizasiya müəssisələri tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdir.

Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətlərinə görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək. Su təchizatı müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə onun tələbatına və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun su təchizatı sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

Deputat Elşad Mirbəşir çıxışı zamanı deyib ki, Azərbaycanda tələb olunan su resurslarının miqdarının təxminən 7-8 dəfə çox olmasına baxmayaraq, ölkəmiz su qıtlığı ilə üzləşmə riski olan dövlətlər sırasında 18-ci yerdədir: “Belə ölkələrin sayı 33-dür. Hesab edirəm ki, su itkilərinin qarşısının alınması haqqında xüsusi düşünmək lazımdır. Bu gün obrazlı desək “su müharibələri”nin başlanması ehtimalı böyükdür. Bəlkə də belə müharibələr və münaqişlər baş verir. Bu gün qlobal müstəvidə su resursları uğrunda ciddi mübarizə gedir".

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Millət vəkili: “Bir az irəli baxmalıyıq. Bu gün Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər”

İclasda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) də müzakirə olunub. Deputat Siyavuş Novruzov yollarda özbaşnalıqlardan şikayətlənib. Millət vəkili deyib ki, şəhər daxilində artıq 3 yol müəyyənləşib: “Bunlar avtobus, velosiped və avtomobil yoludur. Bu darısqallıqda bu yolların idarə edilməsi problemlər yaradır. Tıxacların əlindən tərpənmək mümkün deyil. Əgər avtobus yoludursa, mütəmadi boş saxlanılır, digər maşınlar ora daxil olanda cərimələnir. Bu məsələlərə diqqət yetirməliyik. Bunu elə tənzimləmək lazımdır ki, digər maşınlar avtobus olmayanda yola daxil olursa, cərimə edilməsin”.

“Gələcəkdə tramvayların çəkilməsi barədə danışırıq. Hesab edirəm ki, bir az irəli baxmalıyıq. Bu gün Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər. Məncə, daha çox yeraltı nəqliyyatdan istifadə etməliyik”, - deyə millət vəkili vurğulayıb.

“Başqa məsələ ödənişli yollardan sui-istifadə edənlərlə bağlıdır. Biri avtomobili 200-lə sürüb sosial şəbəkədə paylaşır. Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtdürmək lazımdır. Bu məsələdə ictimai qınaq mütləqdir”, - deputat narazılığını dilə gətirib.

Spiker S.Qafarova isə deyib ki, tıxacların səbəbləri çoxdur: “Amma haqlısınız, sürücü mədəniyyəti də yoxdur. Sürücü mədəniyyətinin yüksək olması vacibdir”.

Müzakirələrdən sonra qanun ikinci oxunuşda qəbul edilib. Deputatlar gündəlikdəki digər məsələləri də müzakirəyə çıxararaq qəbul ediblər.

Müəllif: Anar Bayramoğlu