Deputatın müsahibəsi onu “işə saldı” – Spiker Vahid Əhmədovla bağlı tapşırıq verdi

Cəmiyyət

25.04.2023 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Fəzail Ağamalı: “Məclisin nüfuzuna da xələl gətirir, parlamentin legitimliyi sual altına alınır”

Vahid Əhmədov: “Mən bütün suallara cavab verməyə hazıram”

Fəzail İbrahimli: "Niyə mənim heysiyyətimə toxunursan?"

Sahibə Qafarova: “Bu məsələ ilə bağlı çox ciddi məşğul olun”

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı həmkarı Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərə etiraz edib və millət vəkilinin məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılması təklifini verib. AYNA xəbər verir ki, F.Ağamalı hesab edir ki, V.Əhmədov müsahibəsində dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.

“Məni narahat edən əsas məsələ deputatın Azərbaycan dövlətçiliyinə qərəzli münasibətidir. Hörmətli həmkarımız Vahid müəllim Prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, parlamentin legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”, - deyə F.Ağamalı söyləyib.

“Müsahibəsində deyir ki, 3 deputatdan başqa hamı saxtakardır. Niyə mənim heysiyyətimə toxunursan? Qardaş, adama deyərlər ki, bəyənmirsənsə, oturma da... Qəbul etmirsənsə, vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə mandatını qoy, çıx get. De ki, mən burada bacarmadım”. Bu sözləri isə vitse-spiker Fəzail İbrahimli deyib.

Deputat V.Əhmədov isə cavabında bildirib ki, hər zaman dövlətin yanında olub: “Hər zaman da dövlətçilik mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm. Həm Milli Məclisdə, həm də mətbuatda hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı elan etdi ki, mənim məsələmə İntizam Komissiyasında baxılsın. Buna etirazım yoxdur, baxsınlar. Mən bütün suallara cavab verməyə hazıram”.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın məsələsi ilə bağlı tapşırıq verib: “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram. Bu məsələ ilə bağlı çox ciddi məşğul olun. Komissiyada müzakirə aparın və mənə məruzə edin”.

Milli Məclisin deputatları sədrin tapşırığını dəstəkləyiblər.

Xatırladaq ki, bir neçə gün öncə deputat V.Əhmədov bloger Mehman Hüseynovun “Sancaq” adlı “YouTube” internet kanalına müsahibə verib. Onun müsahibədə Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların narazılığına səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş