Deputatdan təklif: “Vətən müharibəsində qələbəyə görə…”

Cəmiyyət

24.11.2020 - 20:25

“Müqəddəs savaşın ən böyük qaliblərini mükafatlandırarkən, milyonlarla insanın tələbi-istəyinə ehtiramla yanaşmalıyıq” – Zahid Oruc

 

“Biz 2 əsrlik tariximizdə qazanılan ən böyük qələbəmizə Parlamentdə - xalqımızın iradəsinin ifadə olunduğu ən yüksək məclislərdən birində qiymət veririk. Bu, hər birimiz üçün şərəf hadisəsidir. Dövlətimizin başçısı min illik gələcəyimiz üçün hər zaman iftixarla və qürur hissi ilə qeyd olunacaq qalibiyyətin gerçək qəhrəmanlarının əməyini qiymətləndirmək üçün təşəbübslə çıxış edib. Millətimiz indi hər yerdə belə çağışların, hətta deyərdim, qanun quruculuğu prosesinin birbaşa iştirakçısına çevrilib”.

 

Bunu AYNA-ya açıqlamasında  Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin hamıdan birinci, əslində isə aktiv döyüş əməliyyatlarına bərabər tutulacaq addım ataraq ön cəbhəyə - azad olunan torpaqlarımıza səfəri zamanı bəyan etdiyi kimi, Müzəffər Ordumuzun qəhrəmanlığına dəyər verilməsi həm də düşmənin orden və medallarının onların sinələrindən qoparılması deməkdir.

Prezident Zahid Oruca vəzifə verdi

“Prezident düşmənə dedi: “Çıxarın, atın o medalları”. İndi isə bir neçə vacib təklifi səsləndirmək istərdim. Təltiflər sistemi ən mühüm dövlətçilik hadisəsi olduğu üçün, ciddi hazırlıq, ümumxalq rəyinin nəzərə alınmasını tələb edir. Tarixi təcrübəyə baxsaq, SSRİ-də 22 adda orden, 58 adda medal olub. Qardaş Türkiyədə ordenlərin sayı 21, medallar isə 19-dur. Rusiya müstəqil olandan, medal təsisi yüksək səviyyəyə çatıb - 53-dən artıq medal yaradılıb. Doğrudur, SSRİ dağılandan sonra təltiflərin əhəmiyyətsizləşməsi, ictimai rəydə dəyərsizləşməsinə çalışıblar. Lakin hərbi qəhrəmanlıqların dəyərləndirilməsi həm maddi, həm mənəvi, eyni zamanda hüquqi mənaya malik olduğunu hər kəs qəbul edir. Onu daşıyan qəhrəmanlar millət və dövlət üçün xüsusi yerə, çəkiyə, yüksək mərtəbəyə malikdir. Bildiyimiz kimi, ən məşhur Fransa ordeni olan “Fəxri Legion Ordeni”ni Napoleon Bonapart 1802-ci ildə özü təsis edib. Bununla bağlı yazıb: “Fransızların yalnız bir hissi var - şərəf hissi, buna görə də bu hissi mümkün qədər gücləndirmək, onlara özlərinin fərqli olduğunu göstərmək lazımdır”. Ona görə də müzakirəyə çıxarılan layihələrlə bağlı deyə bilərik ki, orada keçmiş Sovet təcrübəsindən istifadə olunması bu sahədə model qanunlardan yararlanmaq deməkdir”, - Oruc vurğulayıb.

 

“Lakin, eyni zamanda biz arzulayırıq ki, o halda “Vətən müharibəsində Ermənistan üzərində qələbəyə görə” medalı da təsis oluna bilərdi. (Almaniya üzərində qələbə medalında olduğu kimi). Ordenlər Sərkərdə, Ali Hərbi Rəhbərlik, Komandir heyəti və əsgərlər üçün fərqlənə bilərdi. Tarixi varislik və yaddaşın qorunması, vətənpərvərlik, hərbi tarixi missiyalarının yerinə yetirildiyini əsas götürərək, 27 sentyabrdan başlanan Böyük Zəfərimizi vahid bir dövlət təltiflərində birləşdirmək, onların hamısı arasında mənəvi-hüquqi bağları təmin etmək çox vacibdir. Ona görə də bizim seçdiyimiz adlar sırasında tarixi ənənələri və varislik prinsiplərini qorumaq üçün “Pənahəli Xan”, “Fətəli Xan”, yaxud, Ağdamın alınmasına görə “Allahverdi Bağırov medalı”, Qubadlıya görə “Əliyar Əliyev medalı”nın təsis edilməsi tarixilik, varislik, ədalət baxımından hamıda vahid fikir yaradardı. Bu ərazi adlarındakı medallarda atın (duruşu) rəsmi “Qarabağ atı” simvolu olaraq izahı verilməli, Vətən müharibəmizin - Qarabağ Zəfərimizin atributlarından biri olduğu bəyan edilməlidir. O cümlədən, 7 rayonun-ərazi üzrə adlarına uyğun seçilən medalların rəsmlərində həmin bölgəyə məxsus təsvirlər hüquqi və mənəvi baxımından yerinə düşərdi. Məsələn, Cəbrayılı Xudafərin körpüsü, Kəlbəcəri “Murov zirvəsi”nin təsviri ilə təsis etmək millətimiz tərəfindən rəğbətlə qarşılanardı”, - deputat əlavə edib.

 

Müsahibimizin fikrincə, müqəddəs savaşın ən böyük qaliblərini mükafatlandırarkən, ümumxalq rəyini nəzərə alırıqsa, onda tam əminliklə Ali Baş Komandanın adı və təltifi ilə bağlı milyonlarla insanımızın vahid bir tələbi-istəyinə də ehtiramla yanaşmalıyıq: “Çünki bu müharibənin son 200 ildə bənzəri olmayıb. Ona görə də XXI əsrin ordenləri sırasında “Azərbaycana xidmətə görə İlham Əliyev” ordeni və “Azərbaycan Dövlətinə xidmətə görə Xilaskar Sərkərdə”, “Hünər və Fəxarət” ordeni variantlarına baxıla bilərdi. Qardaş Türkiyənin müharibədə bizə göstərdiyi mənəvi-siyasi dəstəyi nəzərə alaraq, müvafiq ordenin təsis edilməsini təşkil etmək olar, yaxud təklif olunan medalların birində Türkiyə və Azərbaycan bayrağının yanaşı təsviri rəmziləşərək, tarixiləşə bilər. Layihənin yekununda göstərilən “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalının adı rus dilində bir qədər fərqlidir. “Vətən müharibəsində fədakar əməyə-zəhmətə görə” gözəl səslənən adı seçmək olardı. Dövlət başçısının “Vahid Azərbaycan var” çağırışının təsdiqi üçün dövlətimizin və millətimizin xilasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin arzularının və ideallarının, vəsiyyətinin gerçəkləşdiyi ideyanı özündə ifadə edən hərbi simvolun Milli Ordumuzda tətbiqi çox əhəmiyyətli olardı. “Cəsur döyüşçü” medalı, əslində bütün əsgərlərimizin döyüşdə göstərdiyi cəsurluğa aiddir. Alternativ olaraq, “Cəsur topçu”, “Cəsur kəşfiyyatçı” və s. qoşun növü üzrə işğaldan azad olunmasında göstərdiyi fərqlənməyə görə mükafatlandırmaq olar. Eləcə də Qələbəmizdə əvəzsiz xidmətləri olan Xüsusi Təyinatlı Qüvvələri fərqləndirmək olar”.

 

“Hazırkı layihələrlə bağlı olmasa da, qarşıdakı dövrdə Vətən müharibəsində qalib gələn Müzəffər Ordumuzun iştirakçılarının əsas sosial müdafiə və imtiyazlarına dair də bir neçə təklif söyləmək istərdim: Qarabağ müharibəsində iştirak edən əsgər və zabitlərin bütün yaxınlarına qayğı və həssaslıq göstərilməsi son dərəcə vacib məsələdir. “Qarabağ müharibəsi veteranı və əlili” statusuna da yeni hərbi reallıqlar çərçivəsində baxmaq, kinci Qarabağ müharibəsində bu statusu əldə edən bütün qazilərimizi yüksək ad və hüquqda təsbit etməliyik. “Şəhid ailəsi”, yaxud “Əsgər ailəsi” ifadələrinə diqqət yetirilməsinə, onlara sosial güzəştlərin tətbiqinə yenidən nəzər salınaraq, Əmək və Əhalinin Sosial Müdafiə Naziriliyi nəzdində ayrıca Şəhid Ailələri və Qazilər Fondunun yaradılması məqsəduyğun olar. Zəfər Paradı üçün ümumxalq hazırlığına başlanılmalı, cəmiyyətin bütün təbəqələrindən ideya və təkliflərin alınması üçün platformalar yaradılmalı, müxtəlif xarakterli simvolikaların hazırlanmalıdır. “Qarabağ savaş tarixi parkları”, “Hərbi Panteon” və s. məkanların yaradılması, təltif edilənlərin adlarının xüsusi şərəf lövhəsinə yazılması məqsədəuyğun olardı”, - deyə Z. Oruc fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib