“Demək istəyirlər ki, ölkədə hər kəsin təhlükəsizliyi sual altındadır”

Aktual

29.03.2023 - 13:04

Ərəstun Oruclu: “Azərbaycanda destabilizasiya yaratmaqda maraqlı olan İran var, Rusiyaya bağlı “beşinci kolon” var, lakin...”

Martın 28-i axşam saatlarında Bakıda Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa güllələnib. Hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb. Deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı ilkin məlumatda qeyd olunub ki, hadisə yerinə əməliyyat qrupu cəlb edilib: “Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb”.

Nazirliyin rəsmisi Ehsan Zahidov deputata qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanıldığını bildirib.

F.Mustafaya qarşı sui-qəsdlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də məlumat yayıb və bu hadisəni terror aktı adlandırıb. DTX-nın açıqlamasında qeyd edilib ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

“Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, - deyə DTX-nın məlumatında bildirilib.

Qeyd edək ki, F.Mustafanın hazırda səhhəti qaydasındadır, həyati təhlükəsi yoxdur. Deputatın müalicəsi Bakıda xüsusi klinikalardan birində davam etdirilir.

Millət vəkilinə qarşı terror aktı ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr gedir, bu sui-qəsdin təşkilatçıları, sifarişçiləri, icraçıları barədə mülahizələr səsləndirilir, bir çox versiyalar ortaya qoyulur. Bəziləri deputatın qətlinə cəhdin arxasında İranın, bəziləri Rusiyanın dayandığını bildirirlər. Deputatın öldürülməsi cəhdinin adi kriminal hadisə olduğu versiyasını səsləndirənlər də var.

Baş verənlərlə bağlı AYNA-nın suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu cavablandırıb. Mərkəz rəhbəri bu hadisənin siyasi terror olduğu qənaətindədir:

- Bundan əvvəlki müsahibələrimdə belə fikirlər səsləndirmişdim ki, ölkədə destabilizasiya yaratmaq istəyən qüvvələr var ki, onlar hər cür terrora əl ata bilərlər. Təəssüf ki, bu ehtimallarımız özünü doğruldur. Azərbaycanı Susiyaya çevirmək istəyən qüvvələr var ki, onlar özlərinə yer axtarırlar. Əlbəttə, bu qüvvələr ölkədaxili yox, xarici qüvvələrdir. Lakin həmin qüvvələrin daxili cinayət şərikləri var. Onsuz da daxildə həmin cinayət şərikləri olmasa, qarışıqlığı, destabilizasiyanı həyata keçirmək mümkün deyil. Kimsə əlinə avtomat alıb xaricdən gəlib Azərbaycanda terror aktı törətmir.

Mahiyyəti üzrə Fazil Mustafaya sui-qəsd terror aktıdır, həm də siyasi terror aktı. Terrorun hədəfi ölkənin ali qanunverici orqanının üzvüdür, deputatdır, partiya sədridir. Hesab edirəm ki, bu hadisə Azərbaycan uğrunda döyüşün qaynar fazasının başlanğıcıdır.

- Xarici qüvvələr dedikdə kimləri nəzərdə tutursunuz – İran, Rusiya, yoxsa...?

- Bu, İrandırmı, Rusiyadırmı, yoxsa üçüncü, dördüncü tərəfdirmi - bu barədə nəsə demək hələ tezdir. Amma deputatın güllələnməsi ilə müəyyən məsələlərin üst-üstə düşməsi bir çox ehtimalları artırır. Zaman baxımından indi çox önəmlidir. Baş verənlər Azərbaycan uğrunda gedən geosiyasi döyüşdə həlledici mərhələnin başlanğıcının siqnalıdır.

İkincisi, niyə məhz martın 28-i tarixində belə bir sui-qəsd həyata keçirilib? Məlumdur ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə payramı günü idi. Bu gün münasibəti ilə bağlı bəyanatlar verildi, ölkədə təhlükəsizlik məsələləri barədə fikirlər səsləndirildi, ölkəyə qarşı təxribatlar törətmək istəyən xarici qüvvələrdən danışıldı. Bildirildi ki, onlara qarşı mübarizə tədbirlərinin aparıldığı qeyd olundu. Təbii ki, ola bilər, Fazil Mustafaya qarşı qəsd bu bəyanatlara cavab tədbiridir. Bunları nəzəri baxımdan deyirəm. Çünki həmin fikirlərin ardınca qısa müddətdə terror aktı həyata keçirmək texniki baxımdan heç də asan deyil. Üstəlik, bu, konkret fərdə qarşı törədilən terror aktıdırsa, bu, çox şətindir.

Məsələyə peşəkar baxsaq, fərdə qarşı terror aktının texnologiyası belədir: insan izlənilir, onun marşrutu, gediş-gəliş vaxtı dəqiqləşdirilir, zaman, məkan seçilir və bundan sonra terroru icra etməli olan killer həmin yerə göndərilir. Bu, qısa zaman üçün mümkünsüzdür. Demək istədiyim odur ki, təhlükəsizliklə bağlı verilən bəyanatlardan sonra qısa zamanda belə terroru planlaşdırmaq asan deyil. Bunu hansı dövlət, hansı dövlətin xüsusi xidmət orqanı, hansı terrorçu təşkilat, hansı fərd edib, hansı niyyətlə bu terror törədilib, motiv nədir - bunlar barədə nələrsə demək hələ tezdir.

- Demək istəyirsiniz ki, bir çox versiyalar irəli sürmək olar?

- Təbii ki, versiyalar çox ola bilər. Amma bunları tez-tələsik səsləndirmək düzgün olmaz. İstənilən halda bu, dövlət nümayəndəsinə qarşı terror aktıdır. Fazil Mustafa Milli Məclisin üzvü olduğuna görə dövlət nümayəndəsidir. Dövlət nümayəndəsinə qarşı törədilən sui-qəsd siyasi terrordur. Və bunun arxasında yenə deyirəm, dayanan məqsədlərdən biri Azərbaycanda destabilizasiya yaratmaqdır.

- Bu hadisə ilə Azərbaycana hansı mesajlar verildi?

- Burada ölkəyə iki mesaj verildi: Birincisi, demək istəyirlər ki, Azərbaycanda hər kəsin, hətta Milli Məclisin üzvünün də təhlükəsizliyi sual altındadır, deputat da müdafiəsizdir, təminatlı deyil; İkinci mesajla demək istəyirlər ki, Azərbaycanın paytaxtında belə, odlu silahla, “Kalaşnikov”la qətl, basqın, hücum törətmək imkanları var.

Hesab edirəm ki, bu ikinci mesaj ikinci dəfədir verilir. Birinci mesaj “Bravo” marketə hücumla verilmişdi. Bir neçə gün əvvəl Bakının mərkəzində də atışma olmuşdu, bu, adi kriminal hadisə kimi dəyərləndirildi. Amma o zaman da demişdim ki, bunlar həm də adiləşdirmə məqsədi ilə edilir. İnsanlar üçün adiləşdirmək istəyirlər ki, Bakıda günün günorta çağında atışma da ola bilər, adam da öldürülə bilər və s. Belə hallar sonuncu dəfə 1990-cı illərin ortalarında baş vermişdi. 30 ildən sonra kriminal hadisələri yenidən adiləşdirmək niyyətində olan qüvvələr var.

Deputata qarşı terror aktının törədilməsində əsas məqsədlərdən biri də cəmiyyətdə çaşqınlıq yaratmaqdır. İnsanlara demək istəyirlər ki, siz müdafiəsizsiniz. Ona görə də hesab edirəm ki, ölkənin hüquq-mühafizə orqanları var gücü ilə çalışmalı, deputata qarşı qətl cəhdinin sifarişçisini, təşkilatçısını, icraçısını tapıb üzə çıxarmalıdırlar.

Düşünürəm ki, əlimizdə dəlil-sübut olmadığı halda istər Rusiyanı, istər İranı, istərsə də başqa qüvvəni dayanmadan ittiham etmək doğru deyil. Bu, yalnız əsas hədəfdən yayınmaqdır. Bu aktı kimin və ya kimlərin, hansı qüvvələrin törətdiyini indidən söyləmək doğru deyil. Amma yenə də deyirəm, Azərbaycanda destabilizasiya yaratmaqda maraqlı olan İran var, Rusiyaya bağlı “beşinci kolon” var, bütün bu prosesləri idarə edən Rusiya var. Rusiyanın, İranın, yaxud da daxildəki “beşinci kolon”un üzərinə kölgə atmaq, onların əli ilə ölkədə qarışıqlıq yaratmaq görüntüsü üçün üçüncü, dördüncü, beşinci tərəfin də bu terrorda əli ola bilər.

- İsraildə səfirliyimizin açılışından bir gün əvvəl, həm də “Kalaşnikov”la silahlı terror aktı təsadüf ola bilərmi?

- Bu, təsadüf də ola bilər, ipucu da ola bilər. Bunu aydınlaşdırmaq hüquq-mühafizə orqanlarının, istintaqın, təhqiqatın işidir. Hər şey ola bilər. Biz elə bir bölgədə, elə bir maraqların kəsişmə nöqtəsində yerləşmişik ki, burada hər bir versiyanın yaşama haqqı var. Ona görə də hesab edirəm ki, təmkinlə, soyuq başla, peşəkarcasına bu məsələni araşdırmaq lazımdır.

Müəllif: Anar Bayramoğlu