Şəxsiyyətləri müəyyənləşdirilən itkin şəhidlər dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab olunan və şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Qeyd olunub ki, onlardan Yarməmməd Maqsud oğlu Nuriyev iyulun 1-də Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılacaq.
İyulun 3-də isə Bahadur Məhəmməd oğlu Kamalov Kəlbəcər rayonunun Zar kəndindəki yeni qəbiristanlıqda, Mədinə Rəhim qızı Babayeva Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında, Rauf Əjdər oğlu Əhmədov Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Dəyanət Salik oğlu Musayev Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Möysüm Murad oğlu Əliyev isə Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında torpağa tapşırılacaq.