“Vaksin hazırlanması üçün uzun araşdırma tələb olunur"
Koronavirusa qarşı mübarizədə dünya alimlərinin ən çox baş sındırdıqları məsələ xəstəliyə qarşı vaksinin tapılmasıdır. 9 mindən çox insanın ölümünə, 220 mindən çox insanın yoluxmasına səbəb olan virusa qarşı peyvənd hazırlamaq mümkündürmü?
AYNA xarici mediaya əsasən xəbər verir ki, Almaniyanın Robert Kok İnstitutunun direktoru, professor Lohar Vieler bu barədə açıqlama yayıb. Professorun sözlərinə görə, vaksinin hazırlanması ən tezi gələn il, 2021-ci ilin yazında mümkün ola bilər. Başqa sözlə, bir il gözləməliyik.
“Vaksin hazırlanması üçün uzun araşdırma tələb olunur. Klinik testlərin nəticələri analiz edilməli, kimyəvi maddələrin bu halda əks-təsirlərinin öyrənilməsi xeyli vaxtımızı alacaq”, - direktor bəyan edib.
Qeyd edək ki, R.Kok İnstitutu Almaniyanın pandemiyaya nəzarət edən planını yaradıb, hazırda ölkədə və dünyada yaratdığı vaksinlərlə məşhurdur. Bir müddət əvvəl bu tədqiqat mərkəzinin alimləri bildirmişdilər ki, Almaniya vətəndaşlarının 60-70%-nin virusayoluxma riski var. Hətta bunu Konsler Angela Merkel də dilə gətirmişdi.