Xarici işlər naziri Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib
14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.
XİN-dən AYNA.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.