“Çətin olacaq, əhali onsuz da çıxılmaz vəziyyətdədir” - <font color=red> Siyasilər qiymət artımı haqqında</font>

Cəmiyyət

01.07.2021 - 16:43

Asim Mollazadə: “Hökumət aztəminatlı sosial qruplara müəyyən güzəştlər etməlidir”

 

Qulamhüseyn Əlibəyli: “Hökumət bu dəfə də cəmiyyətin maraqlarını nəzərə almadı”

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda təbii qazın istehlak qiyməti yenidən artıb, güzəştli istifadə tətbiq edilən qaz limiti isə azaldılıb. Tarif Şurasının verdiyi qərara görə, qiymət artımı il ərzində 1200 kubmetrdən sonrakı istehlaka tətbiq ediləcək.

 

İndiyə kimi əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilmişdi. Bu limit indi 1200 kubmetrə endirilir. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan vətəndaşlar 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

 

Tarif Şurasına görə, il ərzində 1200 kubmetr qaz işlədənlər abonentlərin 51 faizini təşkil edir. Şura qaz istehlakında qiymət artımı ilə bağlı qərarını Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında çıxarıb.

 

Qeyd edək ki, son illər Azərbaycanda elektrik enerjisinin, təbii qazın, içməli suyun, eyni zamanda digər kommunal xidmətlərin qiymətləri sürətlə bahalaşır. Eyni zamanda, bu qiymət artımı yanacaq növlərindən da yan keçmir. Son illərdə benzin və dizelin qiymətində baş verən bahalaşmalar buna misaldır.

 

Ekspertlərin araşdırmalarına görə, son bahalaşmalar ölkəboyu infilyasını sürətləndirir və koronavirusun pandemiyasından çıxan əhalinin onsuz da çətin olan sosial-iqtisadi problemlərini daha da artırır. Hökumət rəsmiləri isə bəyan edirlər ki, qiymətlərin artması təbii iqtisadi qanunauyğunluqdur. Lakin vətəndaşlar buna kəskin etiraz edirlər.

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, hökumət bu artımı kompensasiya etməlidir: “Bilirsiniz ki, koronavirus infeksiyası ilə əlaqədar bütün dünyada pandemiya elan olunub. Dünya hökumətləri, o cümlədən Azərbaycan hökuməti vətəndaşların sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığı azaldıb. Düzdür, son dövrlər yoluxma sayında ciddi azalma müşahidə olunur və əksər sahələrin fəaliyyətinə icazə verilib. Lakin ötən dövr ərzində böyük durğunluq yaşanıb”.

 

“Bu xüsusda təbii qazın qiymət artımı ilə bağlı vətəndaşlara kompensasiya və güzəştlər tətbiq edilməlidir. Hesab edirəm ki, müvafiq qurumlar bununla bağlı təcili araşdırmalar aparmalıdır. Araşdırmaların məqsədi xüsusi ehtiyacı olan vətəndaş qrupları ilə bağlı olmalıdır. Hansı əhali kateqoriyası bu bahalaşmadan xüsusi əziyyət çəkəcəksə, heç olmasa həmin sosial qrupa müəyyən güzəştlər nəzərdə tutulmalıdır”, - deyə həmsöhbətimiz bildirib.

 

Mollazadənin sözlərinə görə, hər bir bahalaşma vətəndaşların sosial həyatına təsir göstərir: “Lakin burada ciddi bahalaşmadan söhbət getmir. Cüzi qiymət artımı baş verib. Bu səbbədən təbii qazın son qiymət artımının inflyasiya yaradacağı və qiymət artımına gətirib çıxaracağı qənaətində deyiləm. Qış aylarında evlərin qızdırılması ilə bağlı xərclər qismən arta bilər. Digər yandan, işbazların bundan sui-istifadə hallarına qarşı ciddi mübarizə aparılmalıdır”.

 

“İmkan vermək olmaz ki, əhalinin sosial-iqtisadi problemlərinin mövcud olduğu hazırki şəraitdə kimlərsə bundan istifadə etsinlər. Çünki əhali ağır pandemiya sınağından çıxıb və qiymət artımları onların büdcəsinə əhəmiyyətli təsir göstərir. Bu baxımdan müvafiq qurumlar məsələni nəzarətə götürməlidir”, - deyə deputat vurğulayıb.

“AŞPA-da, müxalif mövqeyimizə görə İlham Əliyev bizə təzyiq etmirdi” –       SABİQ DEPUTAT

Milli Məclisin sabiq üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də AYNA-ya şərhində son qiymət artımının aztəminatlı vətəndaşlar üçün sıxıntı yaradacağını söyləyib: “Hökumət bu dəfə də cəmiyyətin maraqlarını nəzərə almadı. Əvvəla, Azərbaycan cəmiyyəti iki ildir ki, faktiki olaraq fəaliyyətsizdir. Bir tərəfdən koronavirus infeksiyasına görə əhalini uzun müddət evdə qalmağa səslədilər, digər tərəfdən qiymətləri artırırlar. Özü də bu qiymət artımı təkcə təbii qazla bağlı deyil. Ərzağın, çörəyin, siqaretin, bir sözlə, əksər məhsulların qiyməti vaxtaşırı bahalaşır”.

 

Müsahibiz hesab edir ki, Tarif Şurasının təbii qazın qiymət artımı ilə bağlı son qərarı ədalətsizdir: “Təəssüf ki, bu dəfə də əhalinin mövcud sosial vəziyyəti nəzərə almadı. Büdcəni artırmaq üçün vətəndaşları çıxılmaz durumda qoymaq olmaz. İnsanlar əziyyət çəkir, dolana bilmirlər. Bu vəziyyətdə hökumətin borcudur ki, onlara sahib çıxsın. Daha qiymət artırmaq, insanları Allahın ümidinə buraxmaq olmaz”.

 

“Düzdür, indi yay aylarıdır. Təbii qazın qiymət artımı bir o qədər hiss edilməyəcək. Amma qarşıdan qış ayları gəlir. Vətəndaşların böyük əksəriyyəti  mərkəzi istilik sistemindən istifadə etmir. Bu xidmət çox bərbad vəziyyətdədir. Demək olar ki, yox dərəcəsindədir. Məcburdur ki, hamı qızdırıcılar vasitəsilə mənzilini qızdırsın. Bunu həyata keçirmək üçün böyük məbləğdə elektrik və təbii qaz pulu ödəyirlər. İndiki halda həmin qiymətləri qaldırmaq vətəndaşlara böyük zərbədir. Hökumət məsələyə yenidən baxmalı, müəyyən güzəştlər tətbiq etməlidir”, - deyə Əlibəyli vurğulayıb.

Müəllif: Azər Niftiyev