“Cheongun-2” zenit-raket komplekslərinin tədarükü üçün 2,78 milyard dollarlıq müqavilə imzalanıb
Cənubi Koreyanın “LIG Nex1” şirkəti İraqın Müdafiə Nazirliyi ilə “Cheongun-2” zenit-raket komplekslərinin (SAM) tədarükü üçün 2,78 milyard dollarlıq müqavilə imzalayıb.
AYNA-nın xarici mediaya istinadən məlumatına görə, müqavilənin konkret maliyyə şərtləri təhlükəsizlik baxımından açıqlanmayıb.
Bildirilib ki, bu müqavilə “Cheongun-2”nin xaricə ixracının üçüncü nümunəsi olacaq. Əvvəllər Cənubi Koreya bu sistemləri BƏƏ və Səudiyyə Ərəbistanına tədarük edirdi.
“Cheongun-2”nin birgə istehsalı bir neçə Cənubi Koreya şirkəti tərəfindən həyata keçirilir. “LIG Nex1” raketləri istehsal edir, “Hanwha Systems Corporation” radarı hazırlayır və “Hanwha Aerospace” buraxılış qurğularını təchiz edir.
2022-ci ildə “Cheongun-2” hava hücumundan müdafiə sisteminin 12 batareyası BƏƏ-yə 3,37 milyard dollara başa gəlib. 2024-cü ilin fevralında Səudiyyə Ərəbistanı 3,2 milyard dollara 10 kompleks alıb.