Cəbrayılın işğaldan azad olunmasından üç il ötür

Xəbərlər

04.10.2023 - 10:38

Oktyabrın 4-ü iyirmi yeddi illik həsrətə son qoyulan tarixdir

Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayılın işğaldan azad olunmasından üç il ötür. AYNA xəbər verir ki, Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Cəbrayılın ərazisi 1050 kvadratkilometrdir. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun işğala məruz qalarkən 52 min 604 nəfər əhalisi olub. Ermənilər işğal müddətində Cəbrayılı tamamilə dağıdıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə ermənilər rayonun 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv ediblər.

İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb.

Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır.

Bu il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Müəllif: Ayna.az