"Bütün şəhidlərimizi dərin hüznlə anır, onlara Allahdan rəhmət diləyirəm”
“1990-cı ilin 20 Yanvarı bir millətin qəhrəmanlıq və matəmi eyni gündə yaşadığı tarixdir. Bu tarix müstəqillik yolunda, vətənini və ərazi bütövlüyünü qorumaq üçün necə mücadilə aparıldığını bütün dünyaya göstərən, tariximizin örnək qəhrəmanlıq səhifələrindən biridir”.
Bunu AYNA-ya açıqlamasında Azərbaycandakı Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.
H.Altınalan qeyd edib ki, 20 Yanvar sadəcə hüzn və acı ilə yad ediləcək bir gün deyil, eyni zamanda şan və şərəf günüdür: “Ölkəsinin müstəqilliyini, şərəfini hər şeydən müqəddəs tutan azərbaycanlı qardaşlarımız üstlərinə çökən kabusa, Qızıl Ordunun qorxunc və qanlı hücumuna sinələrini sipər etdilər, canlarını qurban verdilər. Ölümdən qorxmadılar, hətta ölümün üzərinə yürüdülər, öləcəklərini bilə-bilə şəhid oldular. 15 iyulda xainlərlə əməkdaşlıq edənlərin həyata keçirmək istədiyi işğala qarşı Türkiyədə meydanlara axışan da bu ruh idi. Mərhum Bəxtiyar Vahabzadənin dediyi kimi, “Qatil gülləsinə qurban gedərkən, gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla Vətən göylərinə çəkdi şəhidlər...””.
“20 Yanvar hüzün və milli qurur günündə həyatını itirənlər başda olmaqla, bütün şəhidlərimizi dərin hüznlə anır, onlara Allahdan rəhmət diləyirəm”, - deyə mətbuat müşaviri vurğulayıb.
Qeyd edək ki, 20 Yanvar faciəsində həyatını itirən şəhidlərimizin xatirəsinə ehtiram olaraq bu gün Türkiyənin Azərbaycandakı səfirliyindəki Türkiyə bayrağı yarıya endirilib.