Boyundan uca adam

Xəbərlər

15.02.2024 - 19:33

cedabet dərman SEO Xidməti

Akif olduğu kimi qaldı və bu böyük şəhərin mürəkkəb mozaikasına kiçik də olsa, öz xalını, öz ilməsini vurdu

Akif Aşırlı ilə çox yol getmişik; yol yoldaşı olmuşuq. Təxminən bir saatlıq da "türmə yoldaşı" olduq; keçən yay Şuşa türməsuni birlikdə gəzib dolaşmışıq.

Bir dəfə, səhv xatırlamıramsa, Akif Səməd haqda yazmışdım ki, millət ruhunun diri qaldığı Qazaxdan gəlib...

Akif Səmədin torpağı sanı yaşasın, o söz elə bu Akifə də yaraşır. O millət ruhunu diri saxlayanların sırasında gəlir Akif Aşırlı. Həm də ön sıralarda.

Rəhmətlik Ağamalı Sadiq Əfəndiyə "İncə dərəsindən qopmuş bir parça Vətən torpağı" demişdim; meqapolisdə ayaq üstə gəzən... Qazax mahalıydı... Ondan lap qabaqda Aşıq Ədalət vardı... Sadalasam, uzun bir siyahı alınar; çoxdu paytaxtda parlamış Qazax adamlar. Hətta İbrahim İlyaslı Qazaxı Sumqayıta "daşıyıb".

Bu mahal millət üçün elə özü boyda məktəb olub; unikal bir intellektual mühiti vardı. Fundamental elmlə bədii ədəbiyyatın, poetik sözlə hərbi riyaziyyatın, aşıq şeiri ilə epik nəsrin "dinc yanaşı böyüdüyü" ağır obalardır. Evlərin divarında - ən baxımlı yerdə, xalçanın üstündə sazla beşaçılan yanaşı asılardı. Bir də... məktəbi, kitabxananı... demirəm, dükan-bazardan tutmuş kafe-restorana qədər çox yerdə Səməd Vurğun vardı. Ya da elə hər yerdə. 

Hər qazaxlıda Səməd Vurğunun qıymadığı ceyrana su içirəcək bir İsmayıl Şıxlısayağı "Dəli Kür" var...

Ölkənin sərhəddinin bitdiyi, millətin sərhədlərinin bitmədiyi torpaqlardan gəlib Akif Aşırlı. Gəlib, gəlib, 55 yaşa çatıb. Şərəfli bir yubiley yaşıdır.

Böyük şəhərlər kiçik adamları asanlıqla udur, qarışdırır çoxluğa. Bunu bilirsiniz. Ancaq içi böyük olan insanla başa çıxa bilmir şəhər.

Akif də mənim kimi bəstəboydur. Amma fiziki boyunu çoxdan aşıb. Əzə bilmədi meqapolis Akifi; dəyirmanın gözündən salamat çıxanlardan biri oldu Akif Aşırlı. O bulaq suyu kimi axan ləhcəsini belə əlindən ala bilmədi paytaxt. Akif olduğu kimi qaldı və bu böyük şəhərin mürəkkəb mozaikasına kiçik də olsa, öz xalını, öz ilməsini vurdu.

...Saxalində hərbi xidmətdə bir əsgər yoldaşım vardı. Borçalı balasıydı. Axır bir gün yarızarafat dedim: "Ay Aftandil, öyrən də bu zəhrimara qalmış rus dilini, sənə tərcüməçilik eləməkdən canım çıxdı axı". Dedi: "Qağa, öyrənsəm, qorxuram, əsgərlikdən sonra bir rus qızına ilişib qalam buralarda. Dədəm üzümə baxmaz".

Amma di gəl, o Aftandili o sıfır ruscası ilə axırda divizyonun tibb hissəsində işləyən ukraynalı qıza aşiq olmuşdu. İnanmayacaqsınız, amma bir-biri ilə "danışırdılar". Əslində əgər birinin dilini bilmirsənsə belə, onunla dil tapmağın bir yolu mütləq var demək. Sevgiyə dilmanc nə gərək?! Öz əlifbası, öz qrammatikası, öz morfologiyası, öz frazeologiyası... var...

Bilmirəm, Akifin ruscası necədir, amma şəhər dilinə özündən çox şey qatıb. Akif də mənim kimi Bakıya gələndə şəhərin məhəbbət dili o yana qalsın, gündəlik məişət dili də ruscaydı. Ticarət dili də həmçinin. 80-lərin əvvəlində Bakı dükanlarında Azərbaycanlı satıcılarla o qədər "lal dili" danışmışam ki...

Amma dövran dəyişdi, əyalətin dərinliklərindən gələn doğma dil, şirin ləhcələr şəhərin kosmopolit mühitini yumşaltdı, laxlatdı, dağıtdı.

Qazax-Bakı avtobusunda özü ilə diri dil ruhu gətirmiş Akifin də bu işdə azman payı var.

Akif - Qəzet Adamdır. "Qəzetçi" deməyəcəm. Çünki, demək olar, nə o əvvəlki qəzet qalıb, nə də "-çi". Qalan da güc-bəla ayaqda qalır. Bildiyim qədər, Akif öz gücünə bir mətbuat muzeyi düzəldib. Düz eləyib; artıq özümüz də muzeylik olmuşuq, deyəsən. Ayaqüstə gəzən eksponatıq hər birimiz; həyatımız da yeriyən yarımarxaik ekspozisiyaya çevrilir yavaş-yavaş. Sözün canı çıxıb, quruca qəfəsi qalıb. O qəfəsə də kimlər düşmür, kimlər!

Lakin...

Akif Aşırlı öz iş yerində bir muzey qurubsa da, içində ən azı beş muzeylik xəzinə var. Əlli beş ilə bu qədərini toplaya bilib, yenə min bərəkət! Daha bir əlli beş il də yaşayar və dünyanın ən zəngin muzey-adamı olar Akif Aşırlı...

...Mənimki də belə bir təbrik oldu; qarmaqarışıq - yarısı ala dağdan, yarısı qara dağdan. Oxusa deyəcək: "Qağa, özün muzeyliksən, məni niyə qoşmusan özünə?!"

Bağrıma basıram...

Müəllif: Bahəddin Həzi

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş