“Sanksiyalar Avropa İttifaqının gündəmində olmalıdır”
Avropa İttifaqı (Aİ) İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və ölkənin maliyyə naziri Bezalel Smotriçə qarşı Qəzza zolağının sakinləri ilə bağlı bəyanatlarına görə sanksiyalar tətbiq etməyi nəzərdən keçirməlidir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa İttifaqının diplomatiyasının rəhbəri Cozef Borrell deyib.
Borrell sosial mediada yazıb: “Dünya Qəzzada atəşkəsdə israr etdiyi halda, nazir Ben Gvir yanacaq tədarükünü və mülki şəxslərə yardımı azaltmağa çağırır".
Aİ diplomatiyasının rəhbəri həmçinin Smotriçin “məşhur bəyanatlarını” tənqid edərək, onları “müharibə cinayətlərinə təhrik” adlandırıb.
“Sanksiyalar Aİ-nin gündəmində olmalıdır”, deyə Borrell vurğulayıb.
Borell həmçinin İsrail hökumətini “müharibə cinayətləri törətmək üçün bu təhriklərdən uzaq durmağa” çağırıb. Onun fikrincə, Qüds atəşkəs və HƏMAS girovlarının azad edilməsi ilə bağlı danışıqlarda “xoş iradə” nümayiş etdirməlidir.
Qeyd edək ki, Smotriç daha əvvəl demişdi ki, HƏMAS girovlarını geri qaytarmaq üçün “2 milyon fələstinlinin aclıqdan ölməsinə haqq qazandırmaq olar”.
Ötən həftə ABŞ, Qətər və Misir liderləri İsrail və HƏMAS-ı avqustun 15-də Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqları bərpa etməyə çağırıblar. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İsrail nümayəndə heyəti danışıqlarda iştirak edəcək. HƏMAS isə bildirib ki, onlar iştirak etməkdən imtina edirlər.