“Blinken Bakıya yox, İrəvana zəng etməlidir, erməni rəhbərliyinə deməlidir ki...”

Siyasət

08.09.2023 - 10:22

Həkimlər Klinikalar SEO Xidməti

BMTM-nin şöbə müdiri: “Ermənistan rəhbərliyinə təzyiqlər göstərilməlidir ki, sülhün yaranması üçün addımlar atsın”

ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər müzakirə olundu. Baş katiblə Prezident arasında sentyabrın 1-də baş tutan telefon danışığı zamanı Azərbaycan lideri vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir. Və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib.

Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır.

“Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Ermənistanın bu kimi siyasəti sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurur”, Prezident qeyd edib.

Dövlət başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatçı rejimin bundan imtina etdiyini dövlət katibinə xatırlatdı.

Beynəlxaqlq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev AYNA-ya bildirib ki, Azərbaycan Prezidentinin kifayət qədər qəti və sərt mövqeyi ondan xəbər verir ki, Azərbaycan bu məsələdə nə qədər ciddi siyasi iradəyə malikdir: “Rəsmi Bakı hədəflərə doğru irəliləməkdə qərarlıdır. Azərbaycan məsələyə detallı yanaşır. Həm oraya yardımın getməsi, həm Ermənistanın provakasiyası, həm də Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına əngəlləri cənab Prezident Əliyev Blinkenin diqqətinə çatdırdı. Azərbaycan ortaya məsələnin həllinə istiqamətlənmiş yanaşma qoyur. Prezidentin yanaşması regionda sülhün əldə olunmasına yönəlmiş “yol xəritəsi”dir”.

“Əslində ABŞ-a verilən mesaj ondan ibarətdir ki, məsələ Azərbaycan üçün son dərəcə həssasdır, bizim “qırmızı xətlər”imiz var və onlar keçilməməlidir. Eyni zamanda, mesaj verildi ki, bu məsələnin həllində qətiyyətliyik. Bu mənada Ermənistanın hay-küy qaldırması, bunun qarşılığında beynəlxalq aləm tərəfindən Azərbaycana təzyiq edilməsinə cəhdlər bir nəticə verməyəcək. Necə ki, indiyədən ermənilərin təşkil etdiyi kampaniyalar nəticə verməyib”, - deyə Vəliyev vurğulayıb.

ABŞ-ın məsələyə yanaşmasına gəlincə, politoloq deyib ki, ABŞ dövlət katibinin yanaşmasından bu sezilir ki, məsələnin həllindən çox, müvəqqəti nəyəsə nail olmaq istəyi var: “Əlbəttə, ABŞ-ın Ağdam-Xankəndi yolunun açılmasına isti yanaşması müsbət haldır. Amma indiki problemin yaranmasının səbəbi Ermənistan tərəfidir. Çünki Ermənistan tərəfi daha əvvəl əldə olunan bir neçə razılaşmanı pozur. İstər qanunsuz silahlı birləşmələrin Qarabağda qalması, istər Qarabağ ermənilərinin reinteqrasiyası qarşısındakı əngəllər, istər Zəngəzur dəhlizinin, Ağdam-Xankəndi yolunun açılmamasının səbəbkarı rəsmi İrəvandır. Ermənistan davamlı olaraq beynəlxalq hüququ pozur, razılaşmaların icrasını ləngidir. Ona görə də, hesab edirəm ki, Blinken Bakıya yox, İrəvana zəng etməlidir, erməni rəhbərliyinə deməlidir ki, razılaşmalar yerinə yetirilməlidir. Bundan sonra yaranmış problem həllini tapa bilər. Azərbaycan tərəfindən hər səviyyədə qeyd edilir ki, Ermənistan razılaşmaları yerinə yetirmir. Biz bunu havadan demirik, konkret sübutlar var. Bu baxımdan, Ermənistan rəhbərliyinə zənglər edilməli, onlara təzyiqlər göstərilməlidir ki, sülhün yaranması üçün addımlar atsın. Azərbaycan suveren hüquqlarından istifadə edir, əldə olunan razılaşmaların icrasını tələb edir”.

“Düşünürəm ki, beynəlxalq aləm Ermənistanın 30 illik işğalçılıq siyasətini, törətdiyi soyqırımıları unutmamalıdır. Məsələlərə ədalətli yanaşma sülhün əldə edilməsinə yardımçı ola bilər”, - analitik fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş