Prezident: "Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır"
"Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır". AYNA.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" elektrik stansiyasının açılış mərasimindəki çıxışında səsləndirib.
Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: "Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir".
"Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə, hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, həm o ölkələr, həm də təbii olaraq bizim üçün bir o qədər yaxşı olacaq. Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq", - deyə dövlətimizin başçısı əlavə edib.