Barış axtarışında: Rusiya ilə Ukrayna arasında sülh nə vaxt əldə olunacaq?

Dünya

02.03.2026 - 10:41

Agentlik rəhbəri: “Tramp üçün xarici siyasətdə uğurlarını nümayiş etdirməsi və sülhməramlı imicini möhkəmləndirməsi vacibdir”

Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Cenevrə görüşündən sonra media danışıqların yeni mərhələsinin tarixləri ilə bağlı fərziyyələr irəli sürür. Mənbələr fevral ayının sonunda, martın əvvəlində danışıqların baş tutacağını iddia edirlər. Bu fonda, Rusiya və Ukrayna liderləri - Vladimir Putin və Volodimir Zelenski arasında şəxsi görüş də daxil olmaqla, mümkün yüksək səviyyəli sammit də müzakirə olunur.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov danışıqların yeni raundunun yaxın günlərdə baş tutacağını, paralel olaraq Rusiya və Ukrayna liderlərinin iştirakı ilə yüksək səviyyəli sammit hazırlandığını açıqlayıb.

“Ukrayna tərəfi Zelenski və Putin arasında görüş təşkil etmək üçün əlindən gələni edir, baxmayaraq ki, sammitin keçirilməsi hələ də çətindir”, Budanov bildirib.

Zelenski həmçinin Putinlə şəxsən görüşməyə hazır olduğunu açıqlayıb. O "Tagesschau"ya verdiyi müsahibədə deyib: "Putinə sadə bir mesajım var: görüşə hazıram. Müharibəyə son qoymalıyıq".

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqların davam etdirilməsinin mümkünlüyündən danışıb. Onun sözlərinə görə, üçtərəfli görüş yaxın günlərdə baş tuta bilər.

Bundan əvvəl isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-a səfər edə bilər.

“Biz yalnız Cenevrədə görüşmürük. Əslində düşünürəm ki, Rüstəm tezliklə bizimlə görüşmək üçün Floridaya gələ bilər. Və üçtərəfli görüş olacaq”, Uitkoff açıqlamasında vurğulayıb.

Donald Tramp administrasiyası ümid edir ki, ABŞ Putin və Zelenski arasında şəxsi görüş təşkil edə biləcək. Uitkoffun sözlərinə görə, orada ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və Ukraynaya iqtisadi yardım məsələlərinin müzakirə olunacağı gözlənilir: "Ərazilər üzrə görüləsi çox işimiz var. Bütün fərqli konsepsiyalara baxmalıyıq, nəzərdən keçirilməli bir çox fərqli variant var".

ABŞ həmçinin razılaşmanın tez bir zamanda əldə edilə biləcəyini vurğulayır. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Tammi Brus bildirib ki, Amerika nümayəndə heyəti qalan məsələləri həll etmək üçün çalışır: “Müharibəni bitirmək üçün indi siyasi iradə lazımdır. Biz inanırıq ki, bu müharibənin başlanğıcından bəri heç vaxt olmadığı qədər razılığa daha yaxınıq”.

Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı, təqaüddə olan general-leytenant Ben Hoces Ağ Evin yay aylarına qədər sülh razılığına gəlinməsini gözlədiyini bildirib: “Bu, Trampa ABŞ Müstəqillik Bəyannaməsinin 250 illiyində, 4 iyulda Rusiya ilə böyük biznes müqavilələri elan etməyə imkan verəcək”.

Tramp isə Konqresin hər iki palatasına etdiyi çıxışında Ukraynadakı münaqişədən yalnız bir dəfə bəhs edərək, ABŞ-ın ona son qoymaq üçün fəal şəkildə çalışdığını vurğulayıb: “Bu, prezident olsaydım heç vaxt baş verməyəcək bir müharibədir. Prezident olaraq, bacardığım hər yerdə sülhə can atacağam”.

O həmçinin Ukraynaya pulsuz hərbi yardımın dayandırıldığını təsdiqləyib. Trampın sözlərinə görə, indi ABŞ NATO müttəfiqlərinə silahları "tam qiymətə" satır, bundan sonra onlar Ukrayna Silahlı Qüvvələrinə təhvil verilir.

Kremlin mətbuat katibi Dmitri Peskov isə danışıqların yeni raundun vaxtı və yeri barədə hələ razılığa gəlinmədiyini deyib: “Tərəflər müvafiq razılığa gəldikdən sonra növbəti turun yeri və vaxtı barədə sizə əlavə məlumat verəcəyik”.

Kreml həmçinin Fransa və Böyük Britaniyanın Ukraynaya nüvə silahı vermək planları ilə bağlı xəbərlərin Rusiyanın mövqeyinə təsir göstərə biləcəyini vurğulayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib: "Biz bunu xüsusilə amerikalılarla müzakirə edəcəyik".

Danışıqlarla bağlı “Lenta.ru”ya danışan “Dubravski Consulting” agentliyinin rəhbəri Pavel Dubravski Donald Trampın xarici siyasətdə uğurlarını nümayiş etdirməsi və sülhməramlı imicini möhkəmləndirməsi vacibdir: “Bundan əlavə, danışıqlar prosesi artıq mövcud bir komanda - Stiven Uitkoff və Cared Kuşner tərəfindən dəstəklənir. Ona görə də, prosesin irəli getməsi üçün mümkün olan addımlar atılacaq”.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş