Bakıda sehrli “drujba”: özbaşına ağacları doğrayır...

Cəmiyyət

11.02.2022 - 23:11

Ağacları kəsən, yerində çoxmərtəbəli bina tikməyi hədəfləyən kimdir?

2022-ci il fevralın 10-da paytaxtın Xətai rayonunda Mənzil Kommunal İstismar İdarəsinin (MKİS) əməkdaşları ağacları kəsiblər. Hadisə Xətai rayonu, Gəncə prospekti, 27 ünvanında qeydə alınıb.

Yaxınlıqdakı evlərin sakinləri bundan narazılıqlarını bildirərək, ağacların yerində yeni çoxmərtəbəli binanın tikiləcəyini bildiriblər. Xətai Rayon İcra Hakimiyyətinin (XRİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə bu barədə məlumatı olmadığını deyib.

Bakıda icra hakimiyyətlərinin razılığı olmadan tikinti işlərinin aparılması, eləcə də ağacların kəsilməsi mümkün deyil. Ona görə də XRİH rəsmisi Pənah İmanovun bu məsələ ilə bağlı hər hansı məlumatı olmadığını açıqlaması bizi təəccübləndirdi.

AYNA olaraq qərara gəldik ki, öz araşdırmamızı aparaq və ağacların kəsilməsini hansı şirkətin sifarişi ilə həyata keçidyini müəyyən edək.

Pənah İmanovdan aldığımız məlumata görə, Xətai rayonu, Gəncə prospekti, 27 ünvanında cəmi bir ağac və bir kol məhv edilib. “Biz orada heç bir iş görmürük. Bu hadisə barədə Xətai Rayon İcra Hakimiyyəti mətbuatdan məlumat alıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adından mətbuatda yayılan məlumata görə, ağacların kəsildiyi ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çoxmərtəbəli binanın tikintisi üçün “Hyatt Regency” otellər şəbəkəsinə ayrılıb. Bu məsələ ilə bağlı məndə başqa məlumat yoxdur”.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müavini Fəxri Aydəmirə müraciət etdik. O bildirdi ki, “Hyatt Regency otellər şəbəkəsinin Xətai rayonu ərazisində çoxmərtəbəli bina tikintisi üçün torpaq sahəsinin verilməsi ilə bağlı müraciətdən xəbəri yoxdur: “Paytaxt ərazisində tikinti məsələləri ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məşğul olur. Bu strukturla əlaqə saxlayın”.

Sözügedən İdarənin rəisi Rüfət Mahmudovla əlaqə saxladıq. Cavab verdi ki, əməkdaşları bu məsələni mütləq aşkarlayıb bizimlə əlaqə saxlayacaqlar. Bir müddətdən sonra şöbənin Elnaz adlı əməkdaşı (təəssüf ki, soyadını bizə vermədi) bizimlə əlaqə saxlayıb bunları dedi: “Xətai rayonu, Gəncə prospekti, 27 ünvanında çoxmərtəbəli binanın tikintisi ilə bağlı layihə yoxdur”.

Üz tutduq “Hyatt Regency” otellər şəbəkəsinə. Şirkətin adını təqdim etməyən bir əməkdaşı cavab verdi ki, “Hyatt Regency”nin Xətai rayonunda çoxmərtəbəli bina tikmək planı yoxdur.

Memarlar İttifaqının sədri Elbəy Qasımzadənin sözlərinə görə, “Hyatt Regency” otellər şəbəkəsinin Xətai rayonunda bina tikməsi ehtimalı azdır: “Sadəcə, yəqin ki, adı gizli saxlanılan hansısa şirkət bu əraziyə maraq göstərir”.

Araşdırma nəticəsində belə qənaət hasil olur ki, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdirinin cavabı xeyli şübhəlidir. Üstəlik, ağacların kəsilməsini həyata keçirən MKİS birbaşa XRİH-ə tabedir...

Müəllif: Rəşad Rüstəmov

Ramanada faciə

Dünən, 17:26 Hadisə