Bir sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb
Fövqəladə Hallar Nazirliyi (FHN) minik avtomobilinin qatarla toqquşması ilə bağlı açıqlama və hadisənin görüntülərini yayıb.
AYNA-nın xəbərinə görə, FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində bir sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.