"Bakıda dialoq" təklifindən imtina və: “Ciddi toqquşmalar qaçılmazdır”

Aktual

23.03.2023 - 10:25

Mərkəz rəhbəri: “Nə qədər ki Rusiya fiziki olaraq bölgədədir, inteqrasiyaya, razılaşmaya imkan verməyəcək”

Deputat: “Əgər ermənilər yenə də separatizmə meyl edəcəksə, bunun acı nəticələrini dadacaqlar”

Martın 13-də Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etdi. Lakin separatçı rejim Bakıdakı görüşə gəlməyəcəklərini açıqladı. Yayılan məlumatda Azərbaycana reinteqrasiyanın “qəbuledilməz” olduğu vurğulandı.

Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu il martın 1-də deputat Xocalı şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Görüş zamanı ölkəmizin Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Həmin görüşdən sonra Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmasların davam etdiriləcəyi vurğulandı. Azərbaycanın görüşün Bakıda vasitəçisiz keçirilməsi təklifindən ermənilərin imtinası ilə yanaşı, həmin gün separatçılar Xəlfəli-Turşsu-Xankəndi yolunda təxribat törətdilər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə Qarabağ ermənilərinə müraciət edərək yazıb: "Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət etdi. Gəlin daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək".

Amma bu çağırışların nəticə vermədiyi görünür. Baş verənlər göstərir ki, erməni separatçılar iddialarından əl çəkmirlər, Azərbaycana inteqrasiya etmək istəyən Qarabağın erməni sakinləri varsa da, onların da bu istəyinin qarşısını alırlar. Məlumatlara görə, separatçı-terrorçu rejim Azərbaycana inteqrasiyadan danışanları təhdid edir, qorxudur.

Məsələ ilə bağlı AYNA-ya danışan “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Qarabağ ermənilərinin reinteqrasiyası məsələsi baş tutan deyil: “Daha doğrusu, bu, çətin görünür. Rusiyanın vasitəçiliyi olmadan hətta ermənilərlə Azərbaycan rəsmiləri arasında danışıqlar baş tutarsa da, bunun müsbət nəticəsi görünmür. Nə qədər ki Rusiya fiziki olaraq bölgədədir, inteqrasiyaya, razılaşmaya imkan verməyəcək. Çünki konfliktin istənilən şəkildə həlli Rusiyanın bölgədən çıxması deməkdir. Söhbət bu gün və ya sabahdan getmir, yaxın illərdən gedir”.

“Ermənilər reinteqrasiyaya heç vaxt razılaşmayacaqlar. Onlar bunu birmənalı şəkildə bəyan edirlər. Hesab edirəm ki, yaranmış pat vəziyyət yeni gərginliyə, konfliktə təkan verəcək. Bu, qaçılmaz görünür”, - analitik qeyd edib.

Ə.Oruclu bildirib ki, növbəti ciddi toqquşmaların olması istisna deyil: “Hətta toqquşmalarda Rusiya hərbi kontingentinin iştirakı da mümkündür. Çünki bunda Rusiya maraqlıdır. Rusiya bölgəyə yeni hərbi qüvvələr yerləşdirməyi düşünür. Kreml bunu həyata keçirə, bölgəyə əlavə hərbi qüvvələr yerləşdirə bilərsə, konflikt uzun illər davam edə bilər”.

“Proqnoz vermək çox çətindir. Rusiyanın dövlət olaraq gələcək taleyindən çox şey asılıdır. İstənilən halda, Azərbaycan hətta müəyyən yumşalmalara getsə belə, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası alınmayacaq. Buna Rusiya imkan verən deyil. Məsələ bu qədər sadədir”, - deyə Mərkəz rəhbəri fikrini tamamlayıb.

"Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşları kimi indiki vəziyyətlərindən müqayisədə olunmayacaq dərəcədə üstün durumda olacaqlar. Dövlətimiz humanist davranmağa hazırdır. Bu da bütövlükdə onu nümayiş etdirir ki, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas təşəbbüskarı məhz Azərbaycandır. Bu istiqamətdə praktik addımlar atmaq istəyimizi və iradəmizi sərgiləyirik”. Bu sözləri isə deputat Elşad Mirbəşir səsləndirib.  

Millət vəkili qeyd edib ki, Bakı məsələlərin dinc yolla tənzimlənməsinin tərəfdarı olduğunu nümayiş etdirdi: Azərbaycanın təşəbbüslərindən, yaratdığımız bu tarixi şansdan Qarabağ ərazisində yaşayan ermənilər düzgün nəticə çıxartmalıdırlar”.

“Əgər ermənilər yenə də separatizmə meyl edəcəksə, bunun acı nəticələrini dadacaqlar. Ən optimal yol odur ki, ermənilər reinteqrasiya təşəbbüslərinə müsbət reaksiya versinlər. İnteqrasiyadan imtina etmək onlar üçün yaxşı heç nə vəd etmir", - deputat əlavə edib.

Müəllif: Anar Bayramoğlu