Bakıda banka hücum olub

Hadisə

19.01.2023 - 13:45

Keçmiş məhkum əlindəki dəmir linglə bank işçilərini hədələyərək pul tələb edib

Bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Yasamal RPİ-də araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az