Sabah 17, 24 və 211 nömrəli avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Sabah Bakıda 17, 24 və 211 nömrəli avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında (Albert Aqarunov küçəsi) təmir işlərinin aparılmasıdır.
Belə ki, aparılacaq təmir işləri ilə əlaqədar sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəbli dairəsinədək, 24 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraq Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov və Zaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.