Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir
Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, marşrutların təhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə Bakı-Mingəçevir-Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq, sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir.
Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 08:00 və 11:00-da, Mingəçevir avtovağzalından isə 14:00 və 17:00-da yola düşür.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.